Yazıçının pulunu bank oğurlayıbmış - AÇIQLANDI

Kəramət Böyükçöl: "Dedi pulunu qaytarırıq, amma yazdığımız kağıza qol çək ki, guya bonkomatın qarşısından tez çəkilmisən, pulu ayrı vətəndaş götürüb, könüllü banka təhvil verib"



"Yadınızdadırsa maaş kartımdan pulun yoxa çıxması ilə bağlı status yazmışdım. Öz halal maaşımdan söhbət gedir. Beynəlxalq Banka getdim, əvvəlcə dedilər pulun bir həftəyə qayıdacaq. Üç gündən sonra zəng elədilər ki, bizlik deyil, polisə müraciət elə! Elə bilirdilər ərinəcəm, müraciət-zad eləməyəcəm. Polis bölməsinə getdim, o bölmədən o birinə göndərdilər, ordan ora, ordan ora... Axır ki, dəqiq ünvanı tapıb ərizə yazdım. Polis işlə məşğul oldu". 

Sherg.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində tanınmış yazıçı Kəramət Böyükçöl yazıb. O, qeyd edib ki, pulun bank tərəfindən oğurlandığını bank əməkdaşı da boynuna alıb: 

"Dedi sənə nə lazımdır? Dedim maaşım! Dedi maaşını qaytarırıq, amma yazdığımız kağıza qol çək ki, guya bonkomatın qarşısından tez çəkilmisən, pulu ayrı vətəndaş götürüb, könüllü banka təhvil verib. Məni gülmək tutdu. Dedim yəni belə insan var? Bank əməkdaşı da güldü. Qayıtdı ki, sənin nəyinə lazımdır, kağıza qol çək, pulunu götür. Fikir verin, pulu qaytarıb, indi də məndən şirinlik istəyir. Dedim ay qardaş, sənə niyə şirinlik verməliyəm? Nə üçün? Elə mən yazığın maaşı şirinlik boydadı da! Güldü...
Dostlar, demək istəyirəm ki, böyük mənada haqqımızı tələb eləməyə gücümüz, hünərimiz çatmır. Amma heç olmasa belə xərda şeylərdə öz haqqımız uğrunda savaşmağı və sona kimi mübarizə aparmağa ərinməməliyik! Eşq olsun mənə!"