Yeni nəfəs...
“Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar”.
Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib. O, Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi, xəyal hesab edilənlər reallığa çevrildi.
Davamlı, dərin və köklü islahatların sabaha inam doğuran uğurlu nəticələri
Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir.
Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev deyir: "Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”.
Prezidentin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıb.
Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Prezident İlham Əliyevin son 15 ildə apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur.
Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verir.
Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Prezident İlham Əliyevin son 15 ildə apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur.
Ölkə başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. İlk olaraq 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Yanvarın 28-də ölkə başçısının imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb. Onlardan 3 min 758 şəhid üzrə 5 min 144 vərəsəyə həmin ödənişlər verilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq.
Şəhid ailələrinə göstərilən qayğı vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur
Prezident İlham Əliyevin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin, onların rifah halının yaxşılaşdırılmasının dövlət başçısının uğurlu sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
1994-cü il mayın 6-da Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Etibar Bayram oğlu Xəlilovun həyat yoldaşı Yeganə Alıyeva ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib. Şəhid hərbi qulluqçunun həyat yoldaşı yanvarın 28-də Prezident İlham Əliyevin bütün şəhid hərbi qulluqçuların ailələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi və onlara verilən aylıq müavinətlərin qaldırılması barədə fərmanlarının bunun daha bir ifadəsi olduğunu söyləyib.
O, həmçinin deyib:
"Prezidentin şəhid ailələrinin problemlərinin diqqət mərkəzində saxlanılması, ilk növbədə, böyük humanistlik və sosial ədalət nümunəsidir. Digər tərəfdən həmin təbəqədən olanlara böyük maddi və mənəvi dəstəkdir. Öz ölümləri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizə tarixi yazan şəhidlərə olan bu hörmət və ehtiram hərbi-vətənpərvərlik hisslərinin güclənməsinə, gənclər və yeniyetmələr arasında yurd sevgisinin artmasına səbəb olur”.
Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının ötən il imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.
Həyata keçirilən islahatlar, imzalanan qanun, fərman və sərəncamlar ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlillərinin dövlətin daimi qayğısı ilə əhatə olunduğunu göstərir. Eyni zamanda, cari ildə əməkhaqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə dövlətin və dövlət başçısının xüsusi qayğısının, əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı və təsirli tədbirlərin görüldüyünün əyani təzahürüdür.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur.
Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.
Yeganə Bayramova