Yerevan-Belarus gərginliyi: Bu KTMT-də parçalanma təhlükəsini intensivləşdirir

Deputat: "Ermənistanın Belarusa, KTMT-də olan digər ölkələrə barmaq silkələyəcək gücü və qüdrəti yoxdur" "Rəsmi Yerevanın bir yolu var – o da BMT qətnamələrinə əməl edərək, işğal etdikləri Azərbaycan ərazilərini boşaltmaqdır"
Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə getdi. Səfər zamanı strateji tərəfdaşlıqla bağlı bir çox sənədlər imzalandı. Belarus prezidenti Aleksandr Lukaşenkonun İlham Əliyevi səmimi şəkildə qarşılaması, "küçə siyasəti”ni beynəlxalq diplomatiyaya gətirməyə çalışdığına görə Ermənistanı tənqid etməsi Ermənistanda qıcıq yaradıb. Prezidentimizin səfərindən, orada verilən bəyanatlardan sonra rəsmi Yerevan və Minsk arasında uzun müddətdir davam edən gərginliklər artıq açıq şəkildə meydana çıxıb.
Ermənistanın baş naziri Nikol Paşinyan cavab olaraq bildirib ki, Ermənistan formal müttəfiqləri ilə daha qətiyyətli olacaq.
"Bu mübahisə Ermənistanın həssas geosiyasi balanslaşdırma fəaliyyətini sarsıtmaq təhlükəsi yaradır”. Belarus XİN-nin mətbuat katibi belə deyib: "Dövlətlərarası əlaqələrdə aydın davranış qaydaları var. Çox güman ki, Paşinyan küçə demokratiyası adlandırılan anlayışın böyük siyasətlərdə qəbuledilməz olduğunu anlamayıb. Ümid edirik ki, bu, zamanla aradan qalxacaq. Təbii ki, vəziyyəti daha da gərginləşdirən məqam İlham Əliyevin sammitdən dərhal sonra Minskə səfəri olub. İndiyə qədər davam edən problem Ermənistanın başqa seçimlərinin az olmasındadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) uzun illər Rusiyanın mütəffiqləri olduğunu göstərməsi üçün bir vasitə olub və onun nüfuzunun kiçik də olsa bu cür artması qarşılığında digər üzvlərə təhlükəsizlik təminatı və hərbi yardım edir. Bura ssilahların aşağı qiymətə verilməsi də daxildir. Ermənistan üçün aşağı qiymətə verilən bu silahlar və təhlükəsizlik təminatı Azərbaycanın Dağlıq Qarabağı zor gücü ilə geri almasınının qarşısını almaq üçün mühüm amildir. Eyni zamanda Ermənistan KTMT üzvlərindən demək olar ki, heç nə almır, lakin onlar da Ermənistanda heç nə əldə etmir. Bununla belə, KTMT üzvləri Azərbaycandan zəngin silah bazarı imkanı əldə edir. Paşinyanın bu vəziyyəti necə dəyişmək istədiyi bəlli deyil, lakin görünür, qarşıda çox çətin bir dövr gözlənilir”.
Millət vəkili Elman Məmmədov "Sherg.az”a deyib ki, Ermənistanın Belarusa, KTMT-də olan digər ölkələrə barmaq silkələyəcək gücü və qüdrəti yoxdur: 
"Ümumiyyətlə Ermənistan KTMT-yə yamaq olaraq əlavə yük sayılır. Çünki Ermənistan bu təşkilata heç bir töhfə vermək iqtidarında deyil. Bunu da KTMT üzvləri artıq dərk edirlər. Məsələ burasındadır ki, Azərbaycanın KTMT-yə üzv olan 6 ölkənin 5-i ilə ən yüksək səviyyədə əməkdaşlıq münasibətləri var. Ermənistan isə KTMT-də etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur. Ermənistan tək bu təşkilatda yox, ümumiyyətlə, üzv olduğu bütün təşkilatlarda problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa heç nəyə lazım deyil. Ona görə də bütün təşkilatlar kimi KTMT də bir növ Ermənistandan canlarını qurtarmaq istəyirlər".
Deputat vurğulayıb ki, Ermənistanın baş naziri funksiyalarını icra edən səriştəsiz Nikol Paşinyanın Belarus liderindən hesabat istəməsinin özü gülüş doğuran haldır:
"Rəsmi Minsk Yerevanın təhdidlərinə boyun əyəcək deyil. Paşinyanı qıcıqlandıran prezidentimiz İlham Əliyevin Belarus lideri Lukaşenko tərəfindən yüksək səviyyədə qarşılanması, dost münasibətini göstərməsi oldu. Eyni zamanda silah alınması ilə bağlı imzalanan sənədlər Ermənistanı əndişələndirir. Amma bu qorxularında, çığır-bağır etmələrindən bir nəticə çıxmayacaq. Rəsmi Yerevanın bir yolu var – o da BMT qətnamələrinə əməl edərək, işğal etdikləri Azərbaycan ərazilərini boşaltmaqdır”.
Anar