“Youtube” kanalının bağlanması çıxış yolu deyil

Əslində, əməkdaşlıq mexanizmlərindən istifadə edərək, qanuna zidd informasiyaların qarşısını almaq olar




İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu bildirib ki, təcili olaraq ölkəmizdə "Youtube” sosial şəbəkəsi bağlanmalıdır. Onun sözlərinə görə, Azərbaycanda azad internet mühiti var. Ancaq bundan sui-istifadə edənlər var və bu günü-gündən təhdid halını alır.

"Bu səbəbdən internetə süzgəc tətbiq edilməsi vacib hala çevrilib. Nəzərə alsaq ki, Azərbaycanda "Youtube” sosial şəbəkəsinin istifadəçilərinin sayı da günü-gündən artmaqdadır, ölkəmiz üçün strateji olaylar öncəsi baş verən proseslərdən sui-istifadə edib ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər.

Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlər tərəfindən izlənilməkdədir. Bu yolla hadisələri manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Düşünürəm ki, təcili olaraq ölkəmizdə "Youtube” sosial şəbəkəsi bağlanmalıdır.”

Həqiqətən ölkəmizdə "Youtube” kanalının bağlanmasına ehtiyac varmı?

"Şərq”ə açıqlama verən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz C.İsmayıloğlunun təklifi ilə razılaşmadığını deyib. O bildirib ki, "Youtube” kanalının informasiya resursu kimi ancaq faydalı istifadəsindən söhbət gedə bilər: "Hesab edirəm ki, bu düzgün yanaşma deyil və yolverilməzdir. "Youtube” kanalı açıq şəbəkə olduğu üçün onun bəlli istifadə qaydaları, administrasiyası var. 

Hansı ölkə ərazisində istifadə olunursa, o ölkənin qanunvericiliyinə uyğun olmalıdır. Təbii ki, qanunvericiliyə uyğun istifadə olunmursa, burda müəyyən addımlar atıla bilər. Addımları atmaq üçün də administrasiya imkanlar qoyub. Məsələn, hansısa informasiyadan şikayət etmək mümkündür. Həmçinin hökumətlər özü "Youtube” rəhbərliyi ilə əməkdaşlıq edə bilir və hökumətin hansısa bir informasiya ilə bağlı müraciətləri olur. Məsələn, Axundov adına milli kitabxanada ziyanlı bir kitab var. Buna görə kitabxananı bağlamaq lazımdır? Ona görə də bu yanaşmanı düzgün hesab etmirəm”.

O.Gündüzün sözlərinə görə, kanalda xoşagəlməz halların qarşısını almaq üçün ilk öncə problemi aradan qaldırmaq lazımdır. Yəni, nəinki kanalı bağlamaq, əksinə hökumətin əməkdaşlıq etməsi, kanalın serverlərini Azərbaycanın data mərkəzlərinə yerləşdirməsi daha düzgün olardı: 

"Əgər serverlər Azərbaycan ərazisində yerləşirsə, onda hansısa qeyri-qanuni informasiyaların şəbəkədən çıxarılması daha asan olur. Biznes nöqteyi-nəzərdən yanaşsaq, "Youtube” Azərbaycan bazarında elə də böyük pul qazanmır. Düşünürəm ki, Azərbaycan bazarı "Youtube” üçün əhəmiyyətsizdir. Məncə bizim "Youtube” kanalına ehtiyacımız var. Azərbaycanda müxtəlif sahələr, dövlət qurumları, özəl sektorlar, digital və rəqəmsal biznes sektorları bu kanaldan istifadə etsə, bu sahələrin inkişafı arta bilər. Yəni biz "youtube”-dan daha çox asılıyıq, nəinki o bizdən. Ona görə də əməkdaşlıq mexanizmlərindən istifadə edərək, qanuna zidd informasiyaların qarşısının alınması, nümayəndəliyin burda açılması daha düzgün variantdır, nəinki kanalın bağlanması”.


Yeganə Bayramova