"Zatulin erməni lobbisinin göstərişini icra edir" - Analitik






"Hazırda beynəlxalq münasibətləri yaxından izləyənlər fərqindədirlər ki, Rusiya- Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və diplomatik sahədə hər gün yeni əməkdaşlıq perspektivləri güclənməkdədir".

Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. O diqqətə çatdırıb ki, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafı işğalçı ölkədə paxıllıqla qəbul edilir: 

"Çünki Rusiya və Ermənistan arasındakı əlaqələrdə gərginlik davam edir. Bu da öz növbəsində işğalçı ölkəni narahat etməyə bilməz. Rusiya ilə münasibətlərinin gərgin olduğu bir vaxtda Moskvanın Bakı ilə daha da yaxınlaşması İrəvanda narahatlığa səbəb olur. Məhz bu səbəbdəndir ki, Ermənistan tərəfi Bakı və Moskva əlaqələrinə kölgə salmaq üçün müxtəlif təxribatlara əl atır. Bu təxribatlardan biri də məhz Rusiyanın Soçi şəhərinin deputatı olan Zatulinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərdə özünü büruzə verir. Zatulin erməni lobbisinin dəstəyini alan şəxsdir. Görünür, Rusiyadakı erməni lobbisi də Bakı və Moskva əlaqələrinin dinamik şəkildə inkişaf etməsindən ciddi narahatdırlar ki, Zatulin kimilər erməni lobbisinin göstərişi ilə Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir. Bu nə ilk, nə də sondur. Hələ Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfər etməzdən öncə erməni KİV-də təxribat xarakterli məlumatlar paylaşılırdı. Belə məlumatların birində də şəkli "photoshop" edərək Azərbaycan-Rusiya münasibətlərindəki inkişafına zərbə vurmağa çalışırdılar. 

Ermənistan tərəfi media əli ilə Bakı və Moskva görüşünü provokasiya edirdi. Lakin işğalçı ölkə bu istəyinə nail ola bilmədi. Çünki Rusiya və Azərbaycan arasındakı əlaqələr dövrünün ən yüksək zirvəsindədir. Hesab edirəm ki, bundan sonra Zatulin kimilər çox peyda olacaq. Ona görə də bu cür açıqlamalara fikir verməməli və öz yolumuza baxmalıyıq". 

Ayyət Əhməd