Zatulin hər zaman işğalçılığa dəstək verib

Onun kimilərin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına heç bir təsir göstərmək gücündə deyil
Putin kimi strateq yaxşı bilir ki, rəsmi Bakının həyata keçirdiyi siyasətin önəmi, çəkisi nədən ibarətdir


Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin sərsəm ifadələri ilə Azərbaycan ictimaiyyətini hiddətləndirib. Zatulin ermənipərəst mövqedən çıxış edərək bildirib ki, "əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan dağılacaq”. Əlbəttə, Azərbaycanla bağlı qərəzli fikirləri ilk növbədə onun Azərbaycan-Rusiya münasibətlərinin inkişafından narahatlıq duyduğunu göstərir. Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur. Görünür, Azərbaycanla Rusiya arasında son dövrlərdə əlaqələrin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərləri və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair imzalanan sənədlər həm erməniləri, həm də onları dəstəkləyənləri ciddi təşvişə salıb. Buna görə də ermənilərin sifarişini yerinə yetirən fərqli simalar iş başına keçiblər.

 Zatulin həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb. 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən "arzuolunmaz şəxs” elan edilib. Təsadüfi deyil ki, bundan əvvəl də o, millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən də "arzuolunmaz şəxs” siyahısına salınıb. Şübhəsiz ki, Zatulin kimilərin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına heç bir təsir göstərmək gücündə deyil. Çünki indiyə qədər onun kimi şəxslərin cəhdləri öz nəticəsini verməyib və bundan sonra da verməyəcək. Əksinə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafı Zatulin kimi şəxslərin məyusluqlarını daha da artıracaq. Azərbaycanla Rusiya arasında həm xalqlarımız, həm də dövlət rəhbərləri arasında çox böyük səmimi münasibət var.


Zatulinin etiraz doğuran fikirlərini "Şərq”ə dəyərləndirən millət vəkili Zahid Oruc deyib ki, müəyyən qüvvələr hər zaman regionda nifaq yaratmağa çalışıblar. Onları hərəkətə gətirən, himayə edən və vacib vəzifələrə gətirənlərin olduğu şübhəsizdir. Millət vəkilinin sözlərinə görə, hər vəchlə Kremlin hərbi-siyasi gücünü Azərbaycana qarşı yönəltmək istəyənlər var: 

"Konstantin Zatulinin bütün tərcümeyi-halı bəllidir. O, özünü gizlədə bilməz. Zatulini Azərbaycana dəvət etməklə münasibətlərdə dəyişiklik edilməsi mümkündürmü? Axı o, MDB məkanı üzrə proseslərə nəzarət edir. Əsla yox. Çünki Zatulin yaşlı vaxtında ikinci, üçüncü tərəfə meyl etməyəcək. Onun arxasında dayanan qüvvələr elə bir proqram veriblər ki, bu, artıq Zatulinin alın yazısına çevrilib. Biz bundan iki formada istifadə edə bilərik. İlk növbədə Rusiya Dövlət Dumasının rəhbərliyi münasibətlərə zərbə vuran şəxsləri görürlər. Digər tərəfdən Azərbaycanın Zatulinin iddia etdiyi kimi dağılması Rusiyanın mənafeyinə zərbədir. Ümumiyyətlə, bunu ağla gətirmək belə mümkün deyil. Bölgədə yürütdüyümüz təhlükəsizlik siyasəti, Rusiya ilə mədəni-əlaqələr, hərbi münasibətlər, iqtisadi inteqrasiyalar, xalqlararası bağların dərinləşməsi, xaricdən stimullaşan anti-Moskva proqramlarının qəbul edilməməsi birbaşa Kremlin xeyrinədir. Putin kimi strateq yaxşı bilir ki, rəsmi Bakının həyata keçirdiyi siyasətin önəmi, çəkisi nədən ibarətdir. Ermənistanda baş qaldıran anti-Rusiyaçılıq dalğasını görməzdən gələn bir şəxsin Azərbaycanı qaralamağa çalışması qətiyyən Moskvanın dövlət maraqlarına xidmət etmir. Əslində Zatulin kimi adamlar da bunu dərk edirlər. Çünki o qədər savadsız və naşı adam deyil. Məsələ ondadır ki, təbliğat ruporunda birbaşa erməni mənşəli adamlar önə çəkilmir, fərqli simalardan yararlanırlar”.

Deputatın sözlərinə görə, Zatulinə cavab verməklə məsələ bitmir:

 "Dövlət Dumasında Zatulinə qarşı çıxan, mövqeyimizi müdafiə edən rus mənşəli şəxslər olmalıdır. Zatulinin cavabı elə Dumada verilməlidir. Rusiyada fəaliyyət göstərən diaspora qüvvələrimiz 5-10 azərbaycanlı gəncin irəli getməsi və siyasi karyera qurması üçün planlar hazırlamalıdır. Bax, bu, əsl "yəhudi siyasəti” olar və məqsədyönlü iş hesab olunar. Rusiyada 100 milyon dollar vəsaitə sahib olan həmyerlilərimiz var. Onun bir faizini milli maraqlarımız naminə istifadə etməklə nəsə itirməzlər. Hökm deyil ki, birbaşa səngərdən düşmənə atəş açasan. Bizim səngərimiz həm də Moskvadan keçir, Avropadan Vaşinqtona kimi uzanır”.

İsmayıl