Zaxarovanın açıqlamasında tərəfkeşlik hiss olunur

Aprel savaşından sonra Rusiyanın bölgədəki siyasətində ciddi dəyişikliklər hiss olunur


"Qarabağla bağlı yeni heç nə yoxdur”. Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. XİN rəsmisi bəyan edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır:

"Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”. 

Zaxarovanın açıqlaması ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, XİN nümayəndəsi və onun təmsil etdiyi ölkə Qarabağ məsələsində səmimi mövqe sərgiləmir: 

"Son dövrlər Rusiya tərəfindən atılan addımlar, verilən açıqlamalar bunu sübut edir. Aprel savaşından sonra Rusiyanın bölgədəki siyasətində ciddi dəyişikliklər hiss olunur. Bu dəyişikliklər Ermənistana münasibətdə qabarıq şəkildə özünü göstərir. Tərəf tutmamalı olan, Minsk Qrupunun həmsədr ölkəsi Rusiya əslində erməniləri dəstəkləyərək düşmən ölkəyə bir il ərzində 3 milyard dollara qədər silah-sursat yardımı edib. 

Bu silahların içərisində "İsgəndər-M” tipli qorxunc raket sistemləri, eləcə də artilleriya qurğuları, zirehli texnikalar var. Bunun nəticəsidir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi ritorikası xeyli artıb. Düşmən həyasızcasına Azərbaycana qarşı təhdid və şantaj dolu mesajlar verməyə cürət edir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Ermənistanın qızışdırıcı mövqeyini beynəlxalq aləmə şikayət etməlidir. Çünki nəticə etibarı ilə bölgədə çox gərgin situasiya formalaşa bilər. Yaxşı olar ki, Zaxarova Kremli ədalətli mövqe tutmağa və torpaqların dərhal azad edilməsi istiqamətində ciddi addımlar atmağa çağırsın. Regionda yeni müharibənin qarşısını almaq üçün məsələyə ciddi yanaşmaq vacibdir”.

İsmayıl