Zəhər ifraz edir

Azərbaycanda da plastik qablardan istifadəyə son qoyulmalıdır
Çünki bu qablar 100 illərlə ətraf mühitdə qalsa da parçalanmır, dənizləri, okeanları, çayları çirkləndirir



Bütün dünyada, o cümlədən ölkəmizdə plastik qablardan istifadə geniş yayılıb. Gözümüz öyrəşsə də, çoxumuz bu qabların ziyanlarından xəbərsizik. Hətta dünya alimləri plastik qabların sağlamlığa ziyanı barədə dəfələrlə həyəcan təbili çalır, insanları xəbərdar edir. Artıq bir çox Avropa ölkələri bu xəbərdarlığı ciddiyə alıb. İnkişaf etmiş Qərb ölkələrinin əksəriyyətində plastik qablardan istifadə qadağan olunur.

Bu dəfə məsələ nüfuzlu qurum tərəfindən qaldırılıb. Avropa Komissiyası plastikdən hazırlanmış birdəfəlik qabların bəzilərinə qadağa qoymağı və faktiki olaraq, təkrar emalı mümkün olmayan plastik tullantılara görə Avropa İttifaqına üzv ölkələri cərimələməyi planlaşdırır.
Layihəyə əsasən, qadağa plastikdən olan birdəfəlik qablara aid ediləcək. Bura birdəfəlik qablar, masaüstü dəstlər, içki üçün boruşəkilli çöplər, pambıq çöplər və hava şarları üçün plastik bərkitmələr daxildir. Bundan başqa, qəlyanaltıxanalardan alınıb aparılan qidalar üçün plastik qablaşdırmaların istifadəsini məhdudlaşdırmaq da planlaşdırılır.

Qabların hazırlanma qaydası...

Bir çox alimlər düzgün sanitar qaydalara, texnoloji vəziyyətə riayət olunaraq hazırlanan plastik qabların insan həyatına ziyanı olmadığı qənaətindədir. Lakin hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Onların saxlanma şəraitinə və müddətinə baxılmr. Ona görə də insan orqanizmində bioloji mühitlərdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da xərçəngə, tənəffüs sistemi xəstəliklərinə, allergik xəstəliklərə səbəb olur. Qaydaların pozulması, yəni hazırlanma texnologiyası, istifadə qaydaları pozulanda uzun müddət zəhərlənmə vermir. Zaman keçdikcə, bu, öz təsirini göstərir. Beləliklə allergik xəstəliklər, ürək-damar, beyin-qan dövranı və bədxassəli şişlərə təsiri ola bilir. Uşaqlar və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir.

Ekologiyanın məhvi...

Araşdırmalar zamanı plastik qabların ekologiyaya da dəhşətli ziyanlar vurduğu məlum olub. Amerikada aparılan ən son araşdırmalara görə, hər il dünyada 500 milyard plastik qab istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon plastik qab zibil qutusuna atılır. Bu qabların çürüyüb yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il qalması lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu qabların təbiətə vurduğu zərərin sayı hesaba gəlməyəcək qədər çoxdur.

Bəs təbiəti və özümüzü bu fəlakətdən xilas etməyin yolu yoxdurmu?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında plastik qablaşdırmanın ləğvinin tərəfdarı olduğunu dedi. Onun sözlərinə görə, bir sıra ölkələrdə artıq yeməklərin, xüsusilə də isti yeməklərin plastik qablarda verilməsindən tam imtina olunub: 

"Artıq 10 ildən çoxdur ki, plastik qabları anti-reklam edirəm, əhalini plastik qablardan və torbalardan uzaqlaşdırmağa çalışıram. MDB məkanında plastik torbaları əhaliyə satırdılar, həmin torbalar nazik və şəffaf olur. Azərbaycanda isə üzərində reklam olan qalın torbalar var. 

Həmçinin ərzaq məhsulları plastik qablara yığılıb saxlanılır. Bütün bunlar insan sağlamlığına mənfi təsir göstərir. Düşünürəm ki, Azərbaycanda plastik qablar və torbalardan istifadəyə son qoyulmalıdır. Amma ölkəmiz hələ buna hazır deyil.
Plastik qablar və torbalar yandırıldıqda, ətrafa zəhərli bioksin qazı buraxır. Çünki plastik qablar 100 illərlə ətraf mühitdə qalsa da parçalanmır, dənizləri, okeanları, çayları çirkləndirir.

Eyyub Hüseynovun bildirdiyinə görə, "Təmiz şəhər” şirkəti ilə İqtisadiyyat Nazirliyinin birgə layihəsi olan "Bərk tullantıların idarə olunması” üzrə komissiya var: 

"Mən də bu komissiyanın üzvüyəm. Təklif etmişəm ki, qida məhsullarının plastik qablarda saxlanması ilə bağlı məsələ qaldırılsın. Amma heç bir iş görülmür”.

Professor Adil Qeybulla isə deyir ki, plastik qablar günəş şüası altında bioksin adlı toksin (zəhər) ifraz edir. Bu maddə isə orqanizm üçün çox təhlükəlidir: 

"Plastik qablar həm də ekoloji problemə çevrilib. Sakit Okeanda yığılan plastik qabların tullantısı bəlkə də 50 ilə təmizlənə bilməz.

Azərbaycanda plastik qabdan istifadə olunmasına ehtiyac yoxdur. Mümkün qədər bu qablardan az istifadə etməyə çalışmalıyıq. Şüşə qablardan istifadə etmək daha məsləhətlidir”.

Professorun fikrincə, plastik qabların toksini ürəyə, beyinə mənfi təsir edir. Belə maddələrin konsirogen təsiri hələ tibdə təsdiq olunmasa da, məntiqidir.

Yeganə Bayramova