83,4 faizi siqaret çəkir: Uşaqları cinayətə sürükləyən əsas amillər açıqlandı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cinayətə Sürüklənən Uşaqların Araşdırılması Komissiyası tərəfindən hazırlanan və 800 səhifədən çox olan geniş hesabatda uşaqların cinayətə meyillənməsinə səbəb olan amillər və onların qarşısının alınması yolları əksini tapıb.

Sherg.az xəbər verir ki, Komissiyanın Türkiyə üzrə 70 Uşaq Təhsil Evi və Qapalı Uşaq İslah Müəssisəsində yerləşdirilən 4 min 989 uşaq arasında apardığı araşdırma narahatedici mənzərə ortaya qoyub. Nəticələrə görə, 12-17 yaş qrupuna aid cinayətə sürüklənən uşaqların 83,4 faizi siqaret çəkir, 47,3 faizi alkoqoldan istifadə edir, 52,9 faizi isə narkotik və ya psixotrop maddələr qəbul edir.

Hesabatda qeyd olunur ki, ailədaxili problemlər, sosial mühit, asılılıqlar və nəzarətsiz rəqəmsal platformalar uşaqların cinayətə yönəlməsində əsas risk faktorları sırasındadır.

Komissiya ailələrin üzləşdiyi psixoloji və sosial problemlərin həlli məqsədilə Ailə Sağlamlıq Mərkəzlərində “ailə terapevti” institutunun yaradılmasını və ölkə üzrə genişləndirilməsini təklif edib.

Sənəddə narkotik, alkoqol, tütün, onlayn qumar və rəqəmsal asılılıqlarla mübarizənin gücləndirilməsi zərurəti də vurğulanıb. Təkliflər arasında 2009-cu ildən sonra doğulan şəxslərə tütün və tütün məhsullarının satışının qadağan olunması da yer alıb.

Bundan başqa, onlayn qumar, qeyri-qanuni mərc oyunları, narkotik istifadəsini təşviq edən məzmunlar və rəqəmsal zorakılıqla mübarizə məqsədilə xüsusi monitorinq, erkən xəbərdarlıq və operativ müdaxilə sistemlərinin qurulması tövsiyə edilib. Qapalı sosial media qrupları və oyun platformalarına nəzarətin gücləndirilməsi üçün yeni qanunvericilik dəyişikliklərinin hazırlanması da təkliflər sırasındadır.

Hesabatda yetkinlik yaşına çatmayanların narkotik və ya alkoqol təsiri altında törətdiyi ağır cinayətlərə görə tətbiq olunan bəzi cəza güzəştlərinin yenidən nəzərdən keçirilməsi tövsiyə olunub. Eyni zamanda qəsdən adam öldürmə və ağır nəticələrə səbəb olan xəsarət yetirmə cinayətlərində cəza endirimlərinin hakimlərin mülahizəsinə verilməsi təklif edilib.

Komissiya yekun olaraq bildirib ki, asılılıqlarla və uşaq cinayətkarlığı ilə mübarizə yalnız hüquqi və cəza tədbirləri ilə məhdudlaşmamalı, reabilitasiya, sosial inteqrasiya, təhsil və ailə dəstəyi mexanizmlərini əhatə edən kompleks yanaşma əsasında qurulmalıdır.