Bəzi insanlar ağcaqanadların hədəfinə digərlərindən daha çox çevrilir. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə təsadüf deyil, qan qrupu, bədən qoxusu və maddələr mübadiləsi ilə bağlıdır.
Sherg.az xəbər verir ki, araşdırmalara əsasən, I (0) qan qrupuna malik şəxslər ağcaqanadlar tərəfindən A qan qrupuna sahib insanlarla müqayisədə təxminən iki dəfə daha çox dişlənir.
Mütəxəssislər bildirirlər ki, nəfəs alarkən ifraz olunan karbon qazı, fiziki hərəkətdən sonra yaranan süd turşusu, yüksək bədən temperaturu və tünd rəngli geyimlər də ağcaqanadları daha çox cəlb edir. Hamiləlik, artıq çəki və spirtli içki qəbulu da dişlənmə riskini artıran amillər sırasındadır.
Həkimlər ağcaqanadlardan qorunmaq üçün gün doğan və gün batan saatlarda açıq havada ehtiyatlı olmağı, açıq rəngli uzunqollu geyimlərdən istifadə etməyi və DEET tərkibli həşərat əleyhinə vasitələrdən yararlanmağı tövsiyə edirlər.
Ağcaqanad dişlədikdən sonra isə həmin nahiyəni qaşımaq məsləhət görülmür. Qaşınmanı azaltmaq üçün ən təsirli üsul dişlənən yerə buz qoymaqdır. Bununla yanaşı, zərurət yaranarsa, hidrokortizon tərkibli kremlər və ya allergiya əleyhinə preparatlardan da istifadə oluna bilər.