Eyyub Hüseynov: Məsələyə aydınlıq gətirilməsə əhalinin soyulması tək Azərişıq-da yox, digər sahələrdə də davam edəcək
"Azərişıq"dan şikayətlər çoxalıb. Paytaxtda və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində abonentlərdən bəziləri smart kart tipli sayğaclara pul yüklədikdə məbləğin müəyyən hissəsinin çıxıldığını görür. Bununla bağlı vətəndaşlar narazılıqlarını bildirib, sosial şəbəkələrdə videolar yayılıb. Abonentlər bildirir ki, 8 manat karta pul vurub sayğaca yüklədikdə bəzən 1, bəzən 2, bəzən hətta 3-4 manat məbləğdən çıxılır. "Azərişıq" isə məsələyə hələ də aydınlıq gətirməyib. Məbləğdən çıxılan pulun sabit tarif haqqı və ya mümkün borca görə çıxıldığı bilinmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, ən yaxşı ekspertiza ictimai rəydə olandır. Əgər ictimai rəydə bir şey varsa, cürbəcür ekspertizalar və yoxlamalar aparmağa ehtiyac yoxdur. İctimai rəydə varsa, deməli o həqiqətdir:

- İctimai rəydə bu var ki əhalidən artıq pul tutulur. Azərbaycan İstehlakçılar Birliyinin müşahidələri göstərir ki, ildən-ilə smart texnologiyalar tətbiq olunduqca ayrı-ayrı sahələrdə, xüsusən marketlərdə və kommunal xidmətlərdə bu texnologiyalar bəzən insanları aldatmaq üçün vasitəyə çevrilir. Sanki pis əməllərlə məşğul olan, artıq pul yığmaq istəyən insanlar smart texnologiyanı bir bufer kimi ortaya qoyur və deyirlər ki, bizim günahımız deyil. Əlaqədar qurum da abonentlərin çağırışlarına cavab vermir. Çox yaxşı olar ki, insanlar belə hallarla qarşılaşanda ünvanlarını və abonent kodlarını desinlər. Bu böyük əhəmiyyət daşıyır. İctimai müzakirələr zamanı bunlar bildirilməlidir və Azərişıq rəhbərliyi məsələlərə aydınlıq gətirməlidir. Əks halda, smart texnologiyalar adı altında əhalinin soyulması tək Azərişıq-da yox, digər sahələrdə də davam edəcəkdir.