Ailə qurmaq üçün yeni tələblər gülüncdür - Sosioloqdan kəskin tənqid

"Narkomaniya artır, amma həll yolu yanlış seçilir”

Azərbaycanda ailədaxili mübahisələr ucbatından bu gün nigaha girən cütlüklər “sabah” boşanmaq qərarına gəlirlər. Bu problemin altında köklü səbəblər yatır. İqtisadi çətinliklər, işsizlik və məişət zorakılığı ailədə ata rolunu daşıyan kişilərin məsuliyyətini zəiflədir.

Cəmiyyətin mühüm bəlalarından biri də alkoqol və narkotik asılılığıdır. Onsuz da iqtisadi çətinliklərin ağırlığını daşıyan insanların, üstəlik pis vərdişlərə qurşanması ailə institutunu tamamilə sıradan çıxarır. Məsələnin ciddiliyi Milli Məclisin bugünkü iclasında müzakirə mövzusuna çevrilib. Deputat Göydəniz Qəhrəmanov ölkədə nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılmasını təklif edib. Onun sözlərinə görə, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji asılılığın olub-olmaması barədə arayışın da təqdim edilməsi tələb olunmalıdır. Deputat narkoloji arayışın nikah sənədlərinə əlavə olunmasının boşanmaları azaldacağını bildirib.

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, bu təklif səmərə vermək əvəzinə bürokratiyanı artıracaq: 

“Ailə quran cütlüklərin sağlamlıq vəziyyəti tibbi arayışda öz əksini tapır. Birbaşa narkoloji problemlər də tibbi arayışın tərkib hissəsinə çevrilməlidir. Yəni ayrıca narkoliji arayış tələb etmək vəziyyəti dəyişməyəcək. Bu sənədi dolayı yollarla hazırlayıb, təqdim etmək heç də çətin olmayacaq. Narkomaniyadan əziyyət çəkən şəxslər sistemdə şəffaflıq təmin olunmadığı halda, mövcud imkanlardan sui-istifadə edəcəklər. Zatən narkoloji asılılığı olan insan tibbi baxımdan sağlam hesab edilmir”. 

Sosioloq, bəzi məsələlərin tibbi arayışa daxil edilməsinin vacibliyindən danışıb:

“Tibbi arayışda, narkoloji, psixoloji və fizioloji göstəricilər, orqanizmin ümumi sağlamlıq vəziyyəti və qadının ana, kişinin isə ata ola bilmə potensialı ilə bağlı bütün amillər əhatə olunmalıdır. Ailə anlayışına yanaşma da hər kəsdə fərqli ola bilər. Bu baxımdan, cütlüklərin fikir və baxışlarının üst-üstə düşməsi mühüm əhəmiyyət daşıyır. Tərəflər bu məsələlərdə bir-birinə qarşı açıq və şəffaf mövqe nümayiş etdirməlidir. Çünki ailə dağılmaq üçün deyil, xoşbəxtlik üçün qurulan institutdur. Unutmayaq ki, sağlam ailə sağlam gələcəyin təminatçısıdır”. 

N.Niftəliyev qeyd edib ki, son dönəmlər narkotikdən asılı vəziyyətə düşənlərin sayı artıb:

“Sosial və profilaktik tədbirlər belə vəziyyətdə ciddi dəyişiklik yarada bilmir. Ona görə də deputatın narahatlığı başadüşüləndir. Lakin bunu qanunvericilikdə ayrı bir sənəd kimi nəzərdə tutmaq doğru yanaşma deyil. Ona qalsa, gərək millətin psixoloji sağlamlığını da sübuta yetirmək üçün ayrıca sənəd tələb olunsun. Bunların hər biri ilə bağlı arayış tələb etmək nə psixoloji, nə də narkoloji problemləri həll edəcək. Bir sözlə, insanların sağlamlığına daxil olan sənədləri tibbi arayışdan ayırmaq gülüncdür”.