Azərbaycanda yüksəkvəzifəli məmur keçmiş sevgilisini məhkəməyə verdi

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin direktoru Məmməd İbrahimov məhkəməyə üz tutub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, keçmiş sevgilisindən şikayətçi olub.

Günel Fəttahova adlı qadından şikayətçi olan məmur bildirib ki, keçmiş sevgilisi onu sistemli şəkildə təhdid edir, nüfuzdan salır və iş fəaliyyətinə mane olur.

Məmməd İbrahimov şikayət ərizəsində onu da qeyd edib ki, o, müxtəlif vaxtlarda çalışdığı dövlət qurumlarının rəhbərlərinə və internet resurslarına zəng edərək onun barəsində nalayiq, böhtan xarakterli ifadələr işlədib. Bu səbəbdən daha əvvəl işlədiyi dövlət qurumlarından məcburi olaraq uzaqlaşıb və 4 il müddətində işsiz qalıb.

Məmməd İbrahimov Günellə qısa müddətli ünsiyyətinin olduğunu, bu münasibətdən bir övladı dünyaya gəldiyini və həmin uşağa aliment verdiyini bildirsə də, qadının əməllərindən şikayətlənib.

Məmur Günelin onun həyat yoldaşına, qohumlarına zəng edərək təhqiramiz davranışlar nümayiş etdirdiyini bildirib.

Məmməd İbrahimov qeyd olunan hərəkətləri şəxsi həyatın toxunulmazlığı, böhtan və təhqir, hədə-qorxu ilə tələb etmə və təhdid kimi nəzərə alaraq keçmiş sevgilisindən xüsusi ittiham qaydasında şikayət edib və cavabdehdən 20 min manat kompensasiya tələb edib.

Günel Fəttahova və onun müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini, təsdiq edən sübutlar olmadığını göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş edib. Bu səbəbdən məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilib.