Adil Qeybulla hesab edir ki, genofondun sağlamlaşdırılması istiqamətində tədbirlər görülməlidir
Uzun illərdir ki, Azərbaycanda uşaqların boy artımının lazimi səviyyədə olmaması ilə bağlı fikirlər səslənir. Təsadüfü deyil ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı da ölkəmizdə bununla bağlı vəziyyətin ürəkaçan olmaması bir daha vurğulanıb. Deputat Hikmət Məmmədov məktəb bufetlərində uşaqlara satılmaq üçün xüsusi menyunun hazırlanmasını təklif edib. Həmçinin, bu məsələnin məktəb ətrafında qida vasitələri satan marketlərə də şamil oluna biləcəyini deyib.
Uşaqların boyunda geriləmənin əsas səbəbləri nələrdir? Bunun qida ilə əlaqəsi varmı? Məktəblərdə uşaqlar üçün xüsusi menyu hazırlanarsa, bu necə təşkil edilməlidir?
Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatlarına görə, ölkəmizdə 15 yaşdan yuxarı əhalinin orta boyu 167, 4 sm-dir. Əhali arasında kişilərin orta boyu 171,5 sm, qadınların orta boyu isə 163,7 sm-dir. 2023-cü ildə isə 15 yaşdan yuxarı əhalinin orta boyu 167, 3 sm olub. Əhali arasında kişilərin orta boyu 171,3 sm, qadınların orta boyu isə 163,6 sm olub. Uşaqların boyunu nəzarətdə saxlamaq lazımdır.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqların təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, bu göstəricilər uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır. Yəni, boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür. Professor bildirib ki, uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur:
"Ekoloji faktorları, stress, şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, “fast-food” mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür. Şübhəsiz ki, bu məsələ ən əsas genetik faktorlara bağlıdır. Azərbaycanda uzun müddət qohum evliliklərinin olması yeni nəslin ata-anadan daha sağlam geni götürmək imkanını məhdudlaşdırdı. Buna görə də, Azərbaycanda genetik xəstəliklər yetərincədir. Talassemiya da bu siyahıya aiddir. Yeni nəslin sağlam olmasına ehtiyac var.
Yavaş-yavaş gen xəritələri ortaya çıxdıqca, ayrı-ayrı şəxslərin genetik kodları, xəstəlikləri, deformasiyaları, mutasiyaları müəyyən edildikcə potensial xəstəliklər haqqında proqnoz vermək mümkün olacaq. Məsələn, bu gün talassemiya xəstəliyi ilə bağlı bu imkan əldədir. Bu, çox yaxşı tendensiyadır və qarşını almaq imkanı var. Nəslin daha da sağlamlaşdırılması, fiziki baxımdan adekvat böyüməsi genetik sağlamlaşdırmadan keçir".
A.Qeybulla hesab edir ki, genofondun sağlamlaşdırılması istiqamətində tədbirlər görülməlidir:
"Bu, çox böyük tədbirlər sistemidir. Genetik analizdən tutmuş, kütləvi aktivləşmə, idman və s. kimi geniş bir spektrı əhatə edir. İlk növbədə insanların maarifləndirilməsindən başlamaq lazımdır. Maarifləndirmə olmasa fəsadlar ortaya çıxacaq. Dünya təcrübəsi göstərir ki, bu cür problemlər fərdi deyil, məhz dövlət siyasəti səviyyəsində həll olunur”.