Pulla barışmadan bolluğu həyatına çəkə bilməzsən

Pul haqqında danışmaq cəmiyyətdə hələ də tabu sayılır. Bir tərəfdən hamı daha çox qazanmaq istəyir, digər tərəfdən puldan danışmaq ayıb kimi qəbul olunur. Maraqlısı budur ki, insanların çoxu ömrü boyu pul qazanmağa çalışsa da, pulla münasibətini heç vaxt sorğulamır. Halbuki bəlkə də bolluq və bərəkətin həyatına gəlməsi üçün əvvəlcə sən onunla barışmalısan.

Pul dostdur, yoxsa düşmən?

Pul nə müqəddəs varlıqdır, nə də pislik mənbəyi. O sadəcə vasitədir. Amma uşaqlıqdan eşitdiyimiz “Pul insanı dəyişir”, “Zənginlik insanı korlayır”, “Çox pul xoşbəxtlik gətirmir” kimi düşüncələr şüuraltında mənfi təsir yaradır. Bu inanclar bolluqla aramızda görünməz maneə qurur.

Sherg.az xəbər verir ki, mütəxəssislərə görə, əgər bir şeyi həyatımıza çəkmək istəyiriksə, əvvəlcə onunla sağlam və sevgi dolu bağ qurmalıyıq. Pul da istisna deyil.

Bolluq düşüncəsi necə formalaşır?

Bolluq yalnız cibdəki pul deyil. Bu, insanın daxili rahatlığı, özünə və həyata güvənidir. İlk addım isə pulla bağlı inanclarını yenidən nəzərdən keçirməkdir.

Özünə bu sualları ver:

Həqiqətən pula layiq olduğuna inanırsan?

Pul sənin üçün nə ifadə edir?

Varlı insanlara münasibətin necədir?

Bu suallara verdiyin cavablar bolluqla arandakı maneələri ortaya çıxara bilər.

Pulla barışmaq həyatla barışmaqdır

Pulla sağlam münasibət qurmaq, əslində öz dəyərini qəbul etməkdir. İnsan özünü dəyərli hiss etdikcə bolluq düşüncəsi də formalaşır. Özünə “Mən dəyərliyəm və bolluğa layiqəm” deməyə başladığın anda baxışın dəyişir.

Unutma, bolluq əvvəlcə insanın düşüncəsində başlayır. Sən pula necə yanaşırsansa, o da həyatında elə yer tutur.