"Hamı idman etsin, sahibkarlar idman sarayı tiksin deməklə təbliğat aparmaq olmur"
Arzulayardıq ki, iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə təşkil etdiyi görüşdə deyib.
Deputat bildirib ki, fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsas səbəblərindən biri artıq çəkidir: “Arzulayardıq ki, iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bu, cəmiyyətdə sağlam həyat tərzini də stimullaşdırar”.
Vüqar İsgəndərov qeyd edib ki, regionlarda olimpiya proqramları həyata keçirilməlidir: “Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçün sistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var. Halbuki ölkəmizin, hətta ən uzaq kəndlərin belə böyük potensialı mövcuddur. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələr arasında əməkdaşlıq qurulmalıdır. Gənclər və idman idarələri regionlarda fəaliyyət göstərir, lakin biz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərə qədər getməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatə olunur, amma kəndlərdə bu sahədə iş zəifdir və buna xüsusi diqqət ayrılmalıdır. Məktəblərdə erkən fiziki test sisteminin qurulması da vacibdir. Bu, həm uşaqların sağlamlıq göstəricilərinin izlənməsi, həm də istedadlı uşaqların vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Perspektivli uşaqlar üçün xüsusi təqaüd fondunun yaradılması onların stimullaşdırılması və idmana davamlı cəlb olunması üçün mühüm addım olar”.
Deputatın çağırışını şərh edən İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bu təklifin fəlsəfəsini başa düşdüyünü və təqdirəlayiq olduğunu bildirib. Lakin iqtisadçı sahibkarların davranışını iqtisadi mənfəət prinsipi ilə qiymətləndirməyin vacib olduğunu vurğulayıb. F. İbrahimov hesab edir ki, iqtisadi mənfəət, mövcud infrastruktur və insanların idmana marağı bu prosesin əsas şərtləridir:
“Şadlıq saraylarını tikənlər əsasən özəl sektor nümayəndələri və biznesmenlərdir. Sahibkar yalnız mənfəətli sahələrə investisiya qoyur. Ona görə də, idman komplekslərinə marağın artması və mövcud zalların doluluğu olmadan, sadəcə çağırışlarla sahibkarları bu istiqamətə yönəltmək mümkün deyil. İndiki halda idman zallarının tikintisi sahibkarlar üçün gəlirli sahə deyil. Əgər biznesmelər görsə ki, toy məclislərnə maraq azalıb, insanlar artıq əvvəlki kimi təmtaraqlı toylara yox, sadə məclislərə maraq göstərir. Şadlıq saraylarının gəliri azalır. Bunun əksinə ölkədə idmana maraq artıb, uşaqlı- böyüklü hər kəs idman edir, sağlamlığının qeydinə qalır. O zaman özləri avtomatik olaraq keçəcəklər idman komplekslərinin tikintisinə. Yoxsa ki, fəlsəfi çıxışlar edib, insanlara şadlıq saraylarına yox, idman saraylarına investisiya qoymaq çağırışı etməklə bu mümkün olan iş deyil. Mənfəət hardadırsa, sahibkar da biznesini o istiqamətə yönəldir.
Bir az kobud çıxsa da, bu cür çağırışların populist xarakterli olduğunu hesab edirəm. Hamı idman etsin, sahibkarlar idman sarayı tiksin deməklə təbliğat aparmaq olmur. Əvvəlki kimi uşaqlara məktəb vaxtından “bədən tərbiyəsi” fəlsəfəsi, sağlam həyat tərzi aşılanmalı, ailə və məktəb mühitində idman vərdişləri formalaşdırılmalıdır”.
F. İbrahimov qeyd edib ki, mövcud idman zalları və kompleksləri ölkədə kifayət qədərdi: “Problem insanların idman etmək istəməməsindədir. Mövcud zalların əksəriyyəti ziyanla işləyir, müştərisi yoxdur. Bunu araşdırmaq lazımdır. Müştəri çatışmazlığı səbəbindən zalların əksəriyyətinin qapısında “icarəyə verilir” elanları yapışdırılıb. Əvvəlcə mühit formalaşmalı, mövcud olan zallar müştərilərlə dolub daşmalıdır ki, sahibkarlar əlavə zallar tikməkdə maraqlı olsun. Mən özüm davaml olaraq idmanla məşğul oluram, lakin ətrafımdakı insanlara təklif edəndə “bizim o vaxtımız deyil” kimi cavablar alıram. Sizə onu da deyim, bu mövzuda xanımlar kişilərdən daha aktivdir”.