Dilənçilik tam qadağan olunmalı, küçələrdən yığışdırılmalıdır - SOSİOLOQ

Dilənçilər işlə təmin olunmalı, işləyə bilməyənlərə müavinət verilməlidir

Elçin Bayramlı: "Sosial sistem elə qurulmalıdır ki, heç kim küçədə dilənməyə məcbur qalmasın"

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati qaydada həbs ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Məcəlləyə dəyişikliklə dilənçiliyin aradan qaldırılmasna, hər gün metro keçidlərində diləndirilən uşaqların xilasına nail olunacaqmı? 

Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu məsələ ziddiyətlidir: 

- Bir qrup insan var ki həqiqətən də ağır xəstəlik keçirir, yaxud əlilldir, sosial vəziyyəti ağırdır, bəzisi işsizdir, dolan bilmir, bir hissə də var ki belə şəxsləri, həmçinin uşaqları diləndirən qruplardır, mafiyalardır. Və insanların mərhəmət hissindən sui-istifadə edərək, istismar edirlər. Ümumiyyətlə, dilənçilik bəyənilən deyil, xüsusən də ictimai yerlərdə icazə verilməməlidir. Dövlətimizin müxtəlif sosial yardım paketləri var. Xeyriyyət cəmiyyətləri var. Hər yerdə imkanlı şəxslər var ki, çətin sosial durumda olanlara kömək eləyirlər. Dilənən şəxslərə də bu cür yardımlar göstərilməlidir. Amma obyektiv araşdırma aparılmalıdır ki həqiqətən də bu insan ehtiyac içindədirmi? Bəzi dilənçilər var ki, günə 500-600 manat qazanırlar. Dilənməyi rahat biznesə çeviriblər. Saxta ah-vayla insanları o qədər aldadırlar ki, həqiqətən ehtiyacı olanlar da seçilmir artıq. Qurunun oduna yaş da yanır. Ona görə də, ən yaxşı həll yolu dilənməyi burdəfəlik qadağan etmək, kimsəyə küçədə dilənməyə icazə verməmək, dilənçiləri küçələrdən yığışdırmaqdır. Amma xüsusi bir sistem tətbiq olunmalıdır ki, belə şəxslərə hər hansı bir formada qayıq göstərilsin. İlk növbədə işlə təmin olunmalıdırlar. Dövlət Məşğulluq Mərkəzinə tapışılmalıdır, bu cür şəxslər işlə təmin edilsin. Əgər işləmək qabiliyyəti yoxdursa, onda yaşayış minimumu qədər dövlət müavinət ayırmalıdır, sosial yardım formasında. 

E.Bayramlı bildirdi i, bir çox ölkələrdə bələdiyyələr, xeyriyyə cəmiyyətləri çətin vəziyyətdə olan şəxslərə yardım edir, aztəminatlı, yoxsul insanlar bu yardımlar müqabilində gündəlik ehtiyaclarını təmin edə bilirlər. Ümumiyyətlə, elə bir sistem qurulmalıdır ki, heç kəs, heç bir vətəndaş acnacaqlı vəziyyətdə qalmasın, ən azı minimum tələblərini ödəyə bilsin.