Dövlət başçısına məktub: “Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Ağcabədi sakini Hafiz Atakişiyev dövlətimizin başçısına təşəkkürünü bu sözlərlə ifadə edir: 

“Möhtərəm Prezidentimiz, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuzda “ASAN xidmət” mərkəzinin açılacağı günü səbirsizliklə gözləyirdik. Bir tərəfdən rayon əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yararlanacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm”.