Tesla Cybertruck modelinin istehsalını dayandırır - 2027-ci ildən

ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla məşhur Cybertruck modelinin istehsalını 2027-ci ilin ortalarından etibarən mərhələli şəkildə dayandıracaq.

Sherg.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru İlon Mask açıqlama verib. Onun sözlərinə görə, Texas ştatındakı Gigafactory zavodunda Cybertruck istehsalına ayrılan güc sürücüsüz Cybercab modelinin istehsalına yönəldiləcək.

Qeyd edək ki, Cybertruck ilk dəfə 2019-cu ilin noyabrında təqdim olunub. Paslanmayan polad gövdəsi və qeyri-adi dizaynı ilə diqqət çəkən avtomobilin təqdimat mərasimində möhkəmliyi nümayiş etdirmək üçün keçirilən sınaq zamanı şüşələri qırılmışdı.

İstehsalı əvvəlcə 2021-ci ilə planlaşdırılan avtomobil gecikmələr səbəbindən yalnız 2023-cü ilin sonunda satışa çıxarılıb.

Cybertruck-ın satışları da gözləntiləri doğrultmayıb. ABŞ-da 2024-cü ildə təxminən 39 min ədəd satılan modelin satışları 2025-ci ildə 48 faiz azalaraq 20 237 ədədə düşüb.

İlon Mask daha əvvəl ildə 250 min ədəd Cybertruck satmağı hədəflədiklərini bildirmişdi.

Tesla istehsal gücünü sükan və pedalları olmayan, iki nəfərlik Cybercab modelinə yönəltməklə pilotsuz nəqliyyat və robotaksi texnologiyalarını inkişaf etdirməyi planlaşdırır.