Dövlət rəhbərinə minnətdarlıq: “Mən Prezidentimizi düşündüyümdən də fədakar və bacarıqlı gördüm”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Gəncə şəhərindən təqaüddə olan müəllim Sevil Babayeva dövlət rəhbərinə məktubunda yazır:

“Möhtərəm Prezident, Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır. Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır". Əziz Prezidentim, ürəyimdə sözüm çoxdur. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin!”.