Ehtiyatlı olun, xarici əmlak sərgilərində fırıldaqçılıq halları artır -AÇIQLAMA

Son dövrlərdə ölkəmizdə müxtəlif xarici ölkələrin tikinti şirkətlərinin iştirakı ilə əmlak sərgiləri mütəmadi olaraq təşkil olunur. Bu sərgilərdə bəzi xarici şirkətlər təkcə məlumat təqdim etmir, həm də əmlak satışını birbaşa həyata keçirməyə çalışırlar. Lakin əksər hallarda satışla birbaşa tikinti şirkətləri deyil, onları təmsil edən və ya onların adından çıxış edən xarici alqı-satqı şirkətləri məşğul olur.
Mütəxəssislər bu sərgilərdə ehtiyatlı olmağı tövsiyə edirlər. 
Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, vətəndaşların almaq istədiyi mənzil yerləşdiyi ölkədə fiziki olaraq görülməyibsə, mənzil sahibi və ya tikinti şirkətinin məsul şəxsləri ilə birbaşa danışıq aparılmayıbsa və hüquqi müstəvidə rəsmi müqavilə bağlanmayıbsa, sərgidə təqdim olunan heç bir sənədə imza atmamaq məsləhətdir: 
“Təklif olunan həmin mənzillərin bazar dəyəri həddindən artıq baha olur ki həmin vəsaitin də ölkədən nağd şəkildə çıxarılması asan deyil. Bu tip tikinti şirkətlərinin adından danışan bəzi xarici alqı satqı şirkətlərinin nümayəndələri sizlərə hətta qısa müddətli kreditli şəkildə də satış təşkil edəcəklərini vəd edərək vəsaitin böyük bir hissəsini nağd şəkildə tələb edəcəklər. Hətta onlardan mənzil aldığınız təqdirdə həmin ölkədə vətəndaşlıq və yaxud daimi oturum alacağınızıda sizə vəd verəcəklər. Pulun ölkədən çıxarılmasını isə sözdə onların nümayəndələri həyata keçirəcəyini bildirəcəklər. 
Pullarınızın əlinizdən çıxmasını istəmirsinizsə, belə sərgilərdə verilən vədləri ciddi yoxlayın və hüquqi məsləhət almadan heç bir öhdəlik altına girməyin”.