İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində ölkəyə mümkün hücumlarla bağlı xəbərdarlıqların daxil olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
"Təhlükələr barədə xəbərdarlıqlar daxil olur. Düşmənlərimiz seçkilərdən əvvəlki bu günlərdə bizim gücümüzü sınamağı düşünürlər. Onlara xəbərdarlıq edirəm: biz hadisələrin istənilən inkişafına hazırıq", - Netanyahu İordan çayının Qərb sahilindəki ayrıcı sədd ərazisinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu ona və müdafiə naziri İsrael Katsa hücum olacağı təqdirdə cavab tədbirləri planı təqdim edib.
"Mən düşmənlərə bizi sınağa çəkməyi məsləhət görmürəm", - Baş nazir vurğulayıb.
Netanyahu həmçinin xəbərdarlıq edib ki, hücum olacağı təqdirdə İsrail, ölkə rəqiblərinin təsəvvür edə bilməyəcəyi miqyasda güclə cavab verəcək.