Yazıçı və məzmun istehsalçısı Jon Gostin müasir dövrdə ənənəvi ata anlayışının tədricən dəyişdiyini bildirib. Onun fikrincə, bu gün atalar daha məlumatlı, daha qayğıkeş və ailə həyatında daha fəal rol oynayırlar.

Gostin qeyd edir ki, müasir atalar emosional zəkalarını inkişaf etdirməyə, psixoloji sağlamlıqlarına diqqət yetirməyə və terapiya, idman kimi vasitələrlə özlərini daha yaxşı hiss etməyə çalışırlar.
Sherg.az xəbər verir ki, müəllifin sözlərinə görə, atalar artıq uşaqlarına yalnız avtoritet mövqeyindən yanaşmır, onlara daha çox sevgi göstərir və münasibətlərini sevgi, anlayış və dəstək üzərində qururlar.
O vurğulayır ki, müasir atalar təkcə ailənin maddi təminatçısı rolunu daşımır, həm də emosional dəstək göstərərək uşaqların tərbiyəsində daha fəal iştirak edirlər.

Gostin hesab edir ki, bir çox ata valideynlik məsələsinə əvvəlki nəsillərlə müqayisədə daha ciddi yanaşır, uşaqları ilə daha çox vaxt keçirməyə çalışır və bunun üçün bəzən daha az gəlirli işləri seçməyə belə razı olur.

Müasir ailələrdə ev işləri və qayğı məsuliyyətinin daha balanslı bölüşdürüldüyünü qeyd edən müəllif bildirir ki, atalar ev təsərrüfatı və uşaqlara qulluq sahəsində keçmişlə müqayisədə daha böyük töhfə verirlər.