Ərinin peşəsini davam etdirən çəkməçi qadın: Halal zəhmət baş tacımdır

Qadınlar incə və zərif olduğu kimi, həm də güclü və iradəlidirlər. Bu gün həyatın bütün sahələrində onlarla qarşılaşmaq mümkündür. Təsadüfi deyil ki, qadınlar ən çətin hesab edilən sənət və peşə sahələrində də kişilərdən geri qalmırlar. Ən çətin, bəzən heç təsəvvür edilməyən sahələrdə onların əzmlə çalışdığını müşahidə edə bilərik.

AZƏRTAC-ın bugünkü qəhrəmanı da onlardan biridir. Vəfat edən həyat yoldaşının peşəsini inam və şərəflə davam etdirən Zaqataladan olan çəkməçi xanım haqda bəhs etmək istəyirik. Bu peşə insanda böyük səbir və dözüm tələb edir. Fəzilət xanım da nadir qadınlardandır ki, ömür-gün yoldaşının emalatxanasının qapısının bir gün belə bağlı qalmasına razılaşmayaraq onun peşəsini şərəflə davam etdirir. Həm də 8 Mart qadınlar bayramı olmasına baxmayaraq.

Fəzilət xanım illərdi ki, bu bayramı iş başında qeyd edir. Adəti üzrə səhər tezdən işə gələrək emalatxananın qapısını açır, ətrafına əl gəzdirir, səliqə-sahman yaradır və müştərilərini qəbul edir.

- Həmişə işə belə erkəndən başlayırsız? deyə, sual edirik. Xanım da tərəddüd etmədən “Bəli” cavabını verir və bunun səbəbini belə izah edir. “Adətən insanlar, xüsusən də kənd sakinləri bazara səhərlər gəlirlər. Mənim də belə müştərilərim az deyil. Onlar təmir olunacaq ayaqqabılarını, yaxud digər məişət əşyalarını səhər tezdən gətirib təhvil verir və geri qayıdanda özləri ilə aparmaq istəyirlər. Bir neçə saatda həmin işləri tez başa çatdırıram ki, çətinlik yaşamasınlar”, - deyir, müsahibim.

Müsahibə verməyi, danışmağı çox sevməyən günümüzün qəhrəmanından öyrənirik ki, əlindəki işi heç zaman yarımçıq qoymağı sevmir. Bu adət də ona mərhum çəkməçi ərindən qalıb. Gəlin gəldiyi evdə boş vaxtlarında həyat yoldaşına kömək edə-edə bu peşəni öyrəndiyini deyən Fəzilət xanım ötən 35 il ərzində bütün incəliklərə bələd olduğunu bildirir. Həyat yoldaşı bir neçə il əvvəl rəhmətə gedəndən sonra isə ailənin yükü, ağırlığı onun üzərinə düşüb. Fəzilət xanım da bir an belə tərəddüd etmədən həyat yoldaşının emalatxanasında işlərini davam etdirməyə başlayıb. Onu işinə məsuliyyəti, səliqə-sahmanı çoxlarının diqqətini cəlb edib. İndi kişilərlə yanaşı, qadınlar da gələrək tək ayaqqabı təmir etdirmir həm də müxtəlif bəzəklərin vurulmasını xahiş edirlər.

Elə bu anlarda emalatxanaya yaxınlaşan müştərini bizə nişan verərək “Müştərim Rəbiyyət xanımdır. İllərin tanışıyıq. Qoy o desin, bizim əl işlərimizin keyfiyyətini. Axı mən çox danışsam, düzgün çıxmaz”, deyə, sözü gələn müştəriyə ötürür.

Tanış oluruq, Rəbiyyət Sayıbova bazarda xırda ticarətlə məşğul olur. Xanım çəkməçini də əsl zəhmət adamı kimi qiymətləndirir. “Bu ailəni on illərdi tanıyıram. Fəzilət mərd, kişi kimi qadındır. Ailəsini halal zəhməti ilə dolandırır. Maşallah olsun ki, müştəri baxımdan da qıtlığı yoxdur. Elə bizim ailə, uşaqlarım, nəvələrim, gəlinlərim hamımız onların xidmətindən istifadə edirik”, - deyə, ürək sözlərini çatdırır.

Onun müştəriləri arasında müxtəlif insanlar var. Bəzən rayonun ən ucqar kəndlərindən belə adını, peşəsini eşidib müraciət edənlər olur. Züleyxa müəllimə isə Dadalovların daimi müştərisi sayılır. Çünki ərinə dərs deyib, xanımın emalatxanaya gəlməsinə mənəvi təkan verib.

“Fəzilət xanımı 35 ildir tanıyıram, kəndimizə gəlin gələn gündən. Ailəlikcə yaxınıq, dostuq. Həyat yoldaşı isə həm şagirdim olub, həm də qohumdur. Yaxşı oxuyan şagird idi, amma o, bu sənəti seçdi. Sənətin pisi yoxdur, sənətin hamısı gözəldir. Əsas odur ki, xalqa gözəl xidmət edə biləsən”, - deyən Züleyxa müəllimə çəkməçi xanıma etibar etdiklərini bildirir.

Bu arada çəkməçi xanımla daha bir maraqlı söhbətimiz olur. Öyrənirik ki, xanımların ayaqqabılarına, əl çantalarına müxtəlif bəzək daşları, qaşlar əlavə etməklə onları daha da gözələşdirir.

Çəkməçi Fəzilət Dadalova bu peşəyə marağın getdikcə azaldığını, xüsusən xanımların heç maraq göstərmədiyini bildirir. Çəkməçi xanım onu da əlavə edir ki, onu bu peşəyə bağlayan müştərilərinin işinə verdiyi yüksək dəyər və qiymətdir və əlbəttə ki, mərhum çəkməçi həyat yoldaşının ruhunu şad etmək üçün onun emalatxanasının işığının yanması.

Müştərilərin çoxaldığını görüncə, biz də Fəzilət xanıma işində uğur diləyi ilə emalatxanadan ayrılırıq.

Qalereya