Ermənistan Rusiya üçün “son qala”dır - ŞƏRH

"Paşinyanın səfəri təsadüfi deyil. Moskva "kukla rejim" qurmaq istəyir”

“MErmənistan hökumətinin siyasi dairələri parlament seçkiləri ərəfəsində panikaya düşüblər. Hökuməti qorxuya salan əsas səbəb isə parlament seçkilərində baş nazit Nikol Paşinyanın qarşısında rusmeyilli müxalif qüvvələrin dayanmasıdır. Artıq Ermənistan intensiv şəkildə hibrid hücumlara məruz qalır. Hətta hökumət bunun qarşısını almaq üçün Avropa İttifaqından xüsusi çevik reaksiya qrupunun göndərilməsini istəyib. N.Paşinyan, müxalifəti Ermənistan və Azərbaycan arasında sülh prosesini yenidən nəzərdən keçirməkdə ittiham edir. O, Köçəryan-Karapetyan-Sarukyan cütlüyünün müharibə yoluna qayıtmaq niyyətində olduqlarını açıqlayıb. Ermənistan QHT nümayəndəsi Daniel İoannisyan isə Rusiyanın rəhbərliyi altında Ermənistanın bəzi media orqanlarının hibrid müharibə alətinə çevrildiyini vurğulayıb. O, Ermənistan və Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumata sahib olduqlarını bildirib. D.İoannisyanın sözlərinə görə Rusiyadakı erməni iş adamlarına, tabeliyində olan şəxslərə 100 min rubl verməklə seçkilərdə iştirak etmələri üçün Ermənistana göndərilmələri tapşırılıb.  

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, seçki rüşvətlərinin paylanması Rusiyanın Paşinyan hökümətinə qarşı hibrid mübarizəsinin tərkib hissəsidir:

“QHT nümayəndəsi, bu faktı işıqlandırmaqla erməni xalqını hadisələrə qarşı ayıq olmağa çağırır. Çünki Ermənistan ictimaiyyətini Paşinyana qarşı qışqırdmaq istəyən qüvvələr, media vasitəsilə "şərləmə kompaniyaları" həyata keçirirlər. Rusiyada çoxsaylı erməni diasporu nümayəndələri var. Onların bəziləri orada qeyri-qanuni yollarla çirkli pullar qazanırlar. Rusiya xüsusi xidmət orqanları isə proseslərə göz yumur. Çünki həmin pulları hökumətin xeyrinə istifadə etməyi planlayırlar. Rusiyadakı erməni diasporunun üzvlərdən biri də, parlament seçkilərində siyasi blok kimi iştirak etmək istəyən Samvel Karapetyandır”.  

Politoloqun sözlərinə görə vaxtilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin başına gətirilən siyasi oyunları bu dəfə Paşinyana qarşı işə salmaq istəyirlər:

“Onlar hakimiyyəti dəyişdirmək üçün böyük maliyyə hesabına ictimai rəyi aldatmaq və rüşvət vasitəsilə səs üstünlüyü əldə etmək niyyətindədir. Əslində, S.Karapetyanın həbs olunması və onun şirkətinin ləğv edilməsi hadisələri də birbaşa bu prosesin ifşası kontekstində baş verib. Hazırda S.Karapetyanın rəhbərliyi altında Rusiyada fəaliyyət göstərən digər iş adamları seçkilərə müdaxilə etmək üçün vəsait ayırmağa məcbur edilir. Onlar, maliyyə imkanları hesabına erməni vətəndaşlarını ölkələrinə göndərməklə, səsvermədə iştirak etmələrini təmin edəcəklər”. 

N.Miri, bu qrupların Ermənistanda genişmiqyaslı etiraz aksiyaları da təşkil edəcəyini açıqlayıb:

“Çünki aksiyalara qatılanların sayı artdıqca, Nikol Paşinyan hökumətini devirmək imkanları genişlənir. Bu faktlar, Ermənistandakı parlament seçkilərinin çətin keçəcəyini ortaya qoyur. Eyni senarini ötən il Moldovada da həyata keçirdilər. Ölkənin parlament seçkilərinə müdaxilə etmək üçün, Rusiyanın başçılığı altında çoxsaylı hibrid taktikalar və maliyyə kampaniyaları səfərbər edildi. Maliyyə və resurs səylərinə baxmayaraq, sonda biabırçı məğlubiyyətlə qarşılaşdılar. Ona görə də Ermənistan Rusiya üçün “son qala”dır. Onlar Moldovadakı məğlubiyyətlərini bu dəfə Ermənistanda kompensasiya etməyə çalışırlar”. 

Politoloq bildirib ki, Ermənistan höküməti təxribatla bağlı faktları rəsmi nümayəndələrin səsi ilə xalqa çatdırmağa çalışır:

“Bununla da onlar Putin rejiminin, erməni xalqını növbəti dəfə Rusiyanın təsiri altına salmaq istədiyini diktə edirlər. Ona görə də Paşinyan komandası, məsələni dövriyyəyə buraxmaqla ictimai rəyi, Moskvaya qarşı formalaşdırmaq istəyir. Bu gün əvvəlki illərdən fərqli olaraq erməni ictimai rəyi Rusiyadan yana deyil. Xalqın böyük bir hissəsi Ermənistanın Avropaya inteqrasiya siyasətini dəstəkləyir. İndiki vəziyyətdə, Paşinyanın Rusiyaya səfəri də təsadüfi deyil”. 

N.Mirinin fikrincə, Baş nazir, Putinlə seçki prosesi ilə bağlı məsələləri müzakirə etmək istəyir: 

“Səfər həm təhlükəsizlik risklərinin azaldılmasına, həm də Moskva ilə siyasi münasibətlərin möhkəmlənməsinə yönəlib. Əmin olun ki, Rusiya verdiyi vədlərə əməl etməyəcək. Yəni, rəsmi Moskva proseslərin sonunadək, müxtəlif istiqamətlərdə təxribatlar törətməklə Paşinyanı devirməyə çalışacaq. Məqsəd isə onun gedişindən sonra hakimiyyətə Rusiyaya xidmət edən “kukla rejim” gətirməkdir”.