“Ermənistandakı vəziyyət digər ölkələr üçün təhlükədir”

“Avropa artıq düşmən ölkədəki vəziyyətə münasibət bildirir”


Ermənistan COVİD-19 koronavirus infeksiyası ilə mübarizədə məğlub olan dövlətləri siyahısına düşmək üçün bütün şanslara malikdir. Rusiyanın "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir.

"Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur. Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda bildirilir. Baş nazir ötən həftə sonu koronavirusa yoluxduğunu, ardınca ölkədə epidemioloji fəlakət olduğunu bildirib.

Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600 xəstə olduğu halda bu gün xəstə sayı 15 minə yaxınlaşıb. Ölüm halı 160-dan 230-a çatıb. İsterik vəziyyətdə olan baş nazir ölkədə xəstə sayının 100 min olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub. 
 
Yaranmış durumda isə hakimiyyət vətəndaşları ittiham edir - Paşinyan bildirib ki, xalq kütləvi şəkildə təhlükəsizlik tədbirlərinə əməl etmir.

Vəziyyətlə bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, təcili tədbir görülməsə, vəziyyət daha da pisləşəcək:

“Hazırda Ermənistanda şərait çox pisdir. Yoluxanların sayı Azərbaycandakından iki dəfə çoxdur. Düşmən ölkə faktiki olaraq böhran vəziyyətindədir. Mərkəzi hakimiyyət idarəçilik impulslarını itirib. Bu, o deməkdir ki, artıq təkcə özləri üçün, digər dövlətlərdən ötrü də ciddi təhlükə yaranır. Yəni sözügedən məsələnin bəyanatdam  əksini tapması heç də təsadüfi deyil. Avropa artıq Ermənistandakı vəziyyətə münasibət bildirir. Ümumiyyətlə, baş verın prosesləri obyektiv qiymətləndirmək lazımdır. Əks halda situasiya gərginləşəcək. Onsuz da Cənubi Qafqazda vəziyyət gərgindir. Bunun əsas səbəbkarı isə məhz Ermənistandır”.