Ev heyvanları xoşbəxt edir, lakin stressə çarə deyil - ARAŞDIRMA

Yeni araşdırma pişik və itlərlə ünsiyyətin insanların ümumi əhval-ruhiyyəsini yaxşılaşdırdığını, lakin stressli anlarda gözlənildiyi kimi sakitləşdirici təsir göstərmədiyini ortaya qoyub.

Sherg.az xəbər verir ki, araşdırmada 188 pişik və it sahibinin məlumatları təhlil edilib. İştirakçılar gün ərzində telefon vasitəsilə əhval-ruhiyyələri, stress səviyyələri və ev heyvanları ilə qarşılıqlı əlaqələri barədə məlumat veriblər.

Nəticələr göstərib ki, pişiklərlə daha intensiv ünsiyyət bəzi hallarda stress hissini azaltmaq əvəzinə artıra bilər. İtlərlə ünsiyyətin isə stress üzərində nə müsbət, nə də mənfi əhəmiyyətli təsiri müəyyən edilməyib.

Psixoloq Mayke Yanssensin sözlərinə görə, həm pişik, həm də itlərlə qarşılıqlı əlaqə insanların ümumi emosional vəziyyətinə müsbət təsir etsə də, bunun əsas səbəbi stressin azalması deyil.

Tədqiqat həmçinin göstərib ki, ev heyvanları ilə vaxt keçirmək müsbət emosiyaları artırır və mənfi hissləri azaldır. Bu da onların ümumi psixoloji rifaha və həyat keyfiyyətinə töhfə verdiyini göstərir.

Mütəxəssislər vurğulayırlar ki, hansı heyvanın daha yaxşı ev heyvanı olduğunu demək mümkün deyil. Burada əsas rol sahibin xarakteri, ehtiyacları və heyvanla qurduğu münasibətin xüsusiyyətlərinə məxsusdur.

Araşdırmanın yekun nəticəsinə görə, pişiklər və itlər insanların əhval-ruhiyyəsini yaxşılaşdıra bilir, lakin onların təsiri ani stressi aradan qaldırmaqdan daha çox ümumi emosional rifahın yüksəlməsində özünü göstərir.