"Cavadxan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənovun yaxın zamanda "Facebook" səhifəsində "Gencexeber.az" saytı haqqındakı bloq yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
M.Həsənov paylaşımında bildirir:
“Bir vətəndaş kimi, bir Gəncə sakini kimi, neçə vaxtdır bu portalı müşahidə edirəm və saytın Gəncə ilə bağlı əksərən neqativ xəbərlər, sistemli şəkildə mənfi reaksiya yaradan məlumatlar, qıcıqverici başlıqlar paylaşmaqla məşğul olduğu qənaətindəyəm…
“Gəncədə kişi arvadını bıçaqladı”, “Gəncədə 13 yaşlı yeniyetməni dostu bıçaqladı”, “Gəncədə 65 yaşlı qadın intihar etdi”, “11 yaşlı xalası qızına təcavüz etdi”, “Gəncədə qoyunların sayı artıb”…
Buna baxış, “Like” dalınca qaçış hərisliyimi deyək, yoxsa düşünülmüş redaksiya siyasəti?!
Müşahidələrim əsasında gəldiyim daha bir qənaət də budur ki, bu sayt böyük ehtimalla Naqif Həmzəyevlə və ya onun yaxın ətrafı ilə əlaqəli saytdır.
Özünüz baxın, Gəncədən 4 deputat var, amma bu portal nədənsə, ancaq Naqif Həmzəyevin dahiyana çıxışlarını paylaşmaqla, onu reklam etməklə məşğuldur. Digər 3 deputatla bağlı toplamda 3-4 paylaşım varsa, Həmzəyevə onlarla paylaşım həsr edilib…
Heç səhifədə ölkə başçısı tərəfindən təyin olunmuş şəhər rəhbərinin, icra hakimiyyəti başçısının bu qədər fotosu yoxdur…"
"Sherg.az" deputat Naqif Həmzəyevin bu paylaşıma münasibətini öyrənib:
"Azərbaycanda media azaddır və hər bir xəbər portalı öz redaksiya siyasətini müstəqil şəkildə müəyyən edir. Fəaliyyətim, çıxışlarım və ictimai işlərim ölkənin yüzlərlə müxtəlif xəbər portalında, o cümlədən nüfuzlu televiziya və radiolarda müntəzəm olaraq işıqlandırılır. Bu, heç bir xəbər portalı və ya media orqanı ilə xüsusi əlaqənin deyil, sadəcə aktiv siyasi fəaliyyətin nəticəsidir. Daha çox Gəncə şəhəri ilə bağlı məsələlərə toxunduğum üçün bu, "Gəncəxəbər" saytının diqqətini cəlb edə bilər. Onlara mənimlə bağlı xəbərləri tirajlamağı qadağan edə bilmərəm.
Deputat kimi vəzifələrimdən biri də seçicilərə xidmət etmək, Gəncənin problemlərini səsləndirmək və həllinə kömək göstərməkdir. Bunu həmişə etmişəm və etməyə də davam edəcəyəm. Hər kəsi əsassız fərziyyələr əvəzinə, konkret faktlara inanmağa çağırıram".
Müzakirənin əsas mövzusu olan "Gencexeber.az" saytının da məsələyə münasibətini öyrənməyə çalışdıq. Sayt rəhbərliyi veb-səhifədə əlaqə üçün nömrə qeyd etməsə də, redaksiya ilə əlaqə saxlaya bildik. Sorğumuza belə cavab verdilər:
"Sosial şəbəkələrdə səsləndirilən qərəzli fikirlər reallığı əks etdirmir. Qeyd olunan məqamların əsassız olduğu "Gencexeber.az"ın fəaliyyət göstərdiyi bütün rəsmi platformalarla tanışlıq zamanı açıq şəkildə görünür.
Xüsusi olaraq vurğulamaq istəyirik ki, media sahəsində uzun illərdir öz zəhməti və oxucu etimadı ilə Gəncə şəhərində və ümumilikdə Azərbaycanın qərb bölgəsində özünəməxsus yer tutan "Gencexeber.az" heç bir millət vəkilinə, dövlət məmuruna və ya hər hansı siyasi struktura aid olmayıb.
Platformalarımızda Gəncəyə və bölgəyə dair fikir liderlərinin mövqelərinə yer verilməsi isə, hər hansı şəxsi bağlılıqdan deyil, ictimai əhəmiyyət və konkret şəxslərin aktiv fəaliyyəti çərçivəsində həyata keçirilir".
Qeyd edək ki, sorğumuzu cavablandıran redaksiya təmsilçisi özünü təqdim etmədi. Həmçinin "Gencexeber.az" saytı redaksiya rəhbərliyi və maliyyə mənbələri ilə bağlı bütün suallarımızı cavabsız qoydu.