“Gənclər Günü: Trendlərdən kənar, ahılların səsi ilə”

Bu dəfə Gənclər Günü yalnız uğur videoları və trendlərlə deyil, onlardan da vacib bir missiya ilə qeyd olundu və unudulmaz oldu. “Təbəssüm Yarat” Komandası ilk dəfə Ahıllar Mərkəzinə səfər etdi. Sözügedən mərkəz Binəqədi rayonunda yerləşən, ahıllar üçün günərzi qayğı mərkəzidir. Yaşlılar buraya asudə vaxtlarını xoş keçirmək üçün gəlirlər.

“Təbəssüm Yarat” Komandası indiyədək əsasən ucqar kəndlərdə yaşayan uşaqlara yardımlar aparsa da, bu dəfə istiqamət fərqli idi və bu fərqlilik bizi daha da ruhlandırdı. Yeni təcrübələr, sevinc dolu anlar yaşadıq, eyni zamanda ahılların gənclərə ünvanladıqları mesajları dinlədik.

Burada “nənəcan”, “gözəl qızım” kimi müraciətlər eşidildi. Azərbaycan dilindəki standart xitab qaydalarından daha çox, bu sözlərin daşıdığı səmimiyyət və ürəkdən gələn duyğular önəmli idi. Nənələr öz gənclik xatirələrini bizimlə bölüşdülər.

Xanımxala danışır:

“Mən bütün gənclik həyatımda öz ayaqlarım üstündə durmuşam, oxumuşam, valideynlərimi dinləmişəm. Onların sözlərinə qulaq asmışam, çünki bilmişəm ki, təcrübələri çoxdur. Siz gənclərə demək istəyirəm: valideynlərinizi dinləyin, oxuyun. Qız uşağı üçün təhsil çox vacibdir. Mən öz övladlarımı da öz gücümlə oxutmuşam.”

Zülfüqarova Suriyə xanım isə belə deyir:

“Gənclərə arzum budur ki, böyüklərinizi sevin, Vətəni sevin. Vətəni sevən hər kəs xoşbəxtdir. Gənclərimizə ən gözəl arzularımı diləyirəm.”

Quliyeva Sayalı xanımın sözləri isə gülümsəmə yaratdı:

“Ürəyinizdə hansı oğlanı istəyirsinizsə, ona qismət olun. Evi olmasa da, alaçıq qurun, əsas odur ki, bir-birinizi sevin. Ən vacibi can sağlığıdır. Qızlar, qayınananızı sevin. Qayınananız sizə gələndə keçin bu üzündən, o üzündən öpün, onda sizi beş dəfə öpəcək.”

Növbəti müsahibimiz Nazilə Babayevadır:

“Mən Hacı xanımam. Dualarım siz gənclər üçündür: əzələləriniz ağrımasın, canınız möhkəm olsun.”

Məmmədova Sevil xanım isə fikirlərini belə bölüşdü:

“Bayaqdan deyirsiniz ki, yaşımı demirəm. Səbəbi uzun illər gənclərlə işləməyimdir. 40 il müəllim kimi fəaliyyət göstərmişəm. Hazırda 69 yaşım var, pensiyaçıyam və illərlə məktəb və universitetlərdə gənclərə dərs demişəm. Gənclər mənə stimul olub, həyat eşqimi və məhəbbətimi söndürməyib. Həmişə belə gənc qalasınız. Yaşlaşdıqca yaşlaşın, amma ürəyiniz və əməliniz gənc qalsın.”

85 yaşlı Əsmətel nənə isə bizə çox fərqli bir tövsiyə verdi. O, həyatında onu xoşbəxt edən bir məqamı gənc qızlarla bölüşdü:

“Qızlar, ailə həyatı quranda təsbehi götürün, üç dəfə salavat çevirin. Dayanın, ‘sübhənallah’ gəlsə, gedin və ‘Allah gəldi’ deyib gözləyin, ‘əlhəmdülillah’ olsa, deyin çıxsın getsin. Mən belə evləndim və çox xoşbəxt, uzunömürlü ailə həyatım oldu.”

Bu Gənclər Günündə nənələr öz arzularını və xatirələrini biz gənclərlə bölüşdülər. Bizim onlara hədiyyəmiz kəlağayı, şirniyyat süfrəsi və bir neçə xatirə hədiyyəsi oldu. Amma görünən odur ki, əsl hədiyyə və ən böyük qazanc çay süfrəsi ətrafında edilən səmimi söhbətlər, gülüşlər və xeyir-dualar idi.

Gənc ruhlu insanlardan Gənclər Gününə salam və təbriklər…

İlahə Həbib