Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb ki, Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur:
“Azərbaycan unikal hərbi-siyasi münaqişə həlli modeli irəli sürərək və post-münaqişə dövrü üçün sülh gündəliyi formalaşdıraraq, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin – o cümlədən Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib.
Xocalı soyqırımının ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır”, - Prezidentin köməkçisi əlavə edib.
Politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, 30 il ərzində Azərbaycan ərazisində qətliamlar və soyqırımı aktları törətmiş erməni terrorçularının cəzalandırılması həm ədalətin təntənəsi, həm də Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir:
“Azərbaycan dövləti bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxslər üzərində məhkəmə proseslərini yekunlaşdırmaqla təkcə ölkə daxilinə deyil, bütün dünyaya açıq mesaj verdi:
Azərbaycana qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq. Bu, eyni zamanda Ermənistana və hələ də Azərbaycana qarşı terror əhval-ruhiyyəsində olan radikal dairələrə ciddi xəbərdarlıqdır. Dövlət prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Xüsusilə Xocalı soyqırımının ildönümü ərəfəsində verilən hökmlər simvolik məna daşıyır və göstərir ki, törədilmiş cinayətlər hüquqi müstəvidə qiymətini alır. Heç bir cinayət unudulmur və heç bir cinayətkar məsuliyyətdən yayınmayacaq.
Bu baxımdan, məsuliyyət daşıyan digər şəxslərin də gec-tez ədalət qarşısında cavab verəcəyi qaçılmazdır. Çünki heç bir cinayət cəzasız qalmamalıdır”.