“İtlər yalnız ac olanda aqressiv olur” - Açıqlama

“Küçə, sahibsiz itlərini məhv etmək çıxış yolu deyil”

Sosial şəbəkələrdə gənc bir xanımın küçə itlərinə yaxınlaşıb onları sığallaması, oxşaması, əzizləməsi videosu paylaşılıb. Kənardan bu mənzərəni görüntüləyən şəxs gənc xanımın ilk dəfədir həmin küçədən keçdiyini, yəni itlərin onu tanımadığını, buna baxmayaraq ona qarşı heç br aqressiya nüamyiş etdirmədiyini söyləyir.

Şəxsin sözlərindən məlum olur ki, özü sığınacaq işçisidir. İtlərin çoxluğu da yaxınlıqda heyvan sığınacağı olması qənaəti yaradır. Video çəkən şəxs bildirir ki, itlər güclü hissyyata malikdir və onlara zərər və ya xeyir verəcək, mərhəmət və ya qəddarlıq göstərəcək insanları ayırd edə bilirlər. 

Sahibsiz Heyvanların Müdafiəsi Təşkilatının rəhbəri Leyla Əlizadə Sherg.az”a açıqlamasında söyləyib ki, küçə itlərinə qəddar münasibət göstərənlər, onların məhv edilməsini istəyənlər bilməlidir ki, insan təbiətlə təmasda canlıdır, təbiət bütün canlı aləmlə birlikdə vəhdət təşkil edir:

"Bu bütöv zəncirin bir halqası yoxdursa, qopursa, balans pozulur və insan təbii fəlakətlərlə qarşı-qarşıya qalır”. 

L.Əlizadə sözügedən videonu izlədiyini və həmin mənzərənin onda xoş hisslər yaratdığını dedi: 

- Siz görürsünüz, itlər gənc qızımıza necə mehribanlıqla yanaşırlar. Bu xanım da onları əzizləyir. Heç bir aqressiya yoxdur. Ancaq mərhəmət var. Mən də son zamanlar sahibsiz itlərə qarşı qeyri-insani davranışların olduğunu görürəm. Bəziləri küçə itlərinin ümumiyyətlə məhv edilməli olduğunu deyir. Bu, düzgün deyil. Biz insanlar bütün canlı aləmlə bir yerdə təbiətin bir parçasıyıq. Küçə itləri o zaman qorxuludur, nə zamanki acdırlar. Necə ki hər bir ana övladını yedirməyə çalışır, itlər də, xüsusən balası olan itlər onlar üçün daimi yemək axtarırlar. Bizim yaşadığımız ərazidə küçə itləri zibil yeşiklərinin ətrafında dolanır, yem axtarırlar. Sakinlər evdə artıq qalan yeməkləri onlar üçün qoyduqda, yeyirlər, tox olurlar və sakitcə bir kənarda dayanırlar, uzanırlar, heç insanlara tərəf gəlmirlər. Narahatlıq olmur. Amma nə vaxt ki acdırlar, aqressivləşirlər. 

L.Əlizadə bildirdi ki, sahibsiz itlərin quduzluğa qarşı peyvəndlənməsi, sterilizasiya edilməsi vacibdir: 

- Belə olduqda kütləvi populyasiyanın qarşısı alınır, küçə itləri çoxalmır, getdikcə azalır. Mən insanların narahatlığını, qorxusunu başa düşürəm, amma inanın, bunun qarşısı almağın yolu itri kütləvi şəkildə məhv etmək deyil. Məktəblərin, uşaq bağçalarının, yaşayış binalarının ətrafında sanitariya işləri aparılmalıdır, insanlar təşviş keçirməsin, uşaqlara zərər toxunmasın. Fikir verirəm ki küçə itləri arasında sahibsiz buraxılmış cins itlər də olur. Deməli, bu itləri nə vaxtsa kimsə alıb, mənimsəyib, evdə, həyətdə saxlayıb bəsləyib, amma sonra küçəyə atıb. İt, pişik oyuncaq deyil, bir müddət əylənəsən, sonra atasan. Onlar canlıdır və qayğıya, baxıma ehtiyacları var. Hesab edirəm ki, Gürcüstanda olduğu kimi bizim ölkədə də sahibsiz heyvanlara münasibətdə ciddi qərarar qəbul edilməlidir, heyvanları əvvəlcə saxlayıb sonra küçəyə atanlar cərimələnməlidir.