“Keçmiş məhbuslar birbaşa ailəyə qayıtmamalıdır” - Mehriban Zeynalova

“Uşaqlar bəzən narkotikə böyüklər tərəfindən cəlb olunur” 

Türkiyədə hazırlanan yeni qanun layihəsinə əsasən, cinsi zorakılıq, qəsdən adam öldürmə, narkotik və fahişəlik kimi cinayətlərə görə məhkum olunmuş şəxslərin uşaqlarla birbaşa təmas tələb edən sahələrdə işləməsi qadağan ediləcək.

Sherg.az xəbər verir ki, layihəyə görə, belə şəxslər məktəb, uşaq bağçası, uşaq klubları, idman məktəbləri, internet kafelər və uşaqların sıx olduğu digər müəssisələri nə işlədə, nə də orada çalışa biləcəklər. Qadağanı pozaraq bu şəxsləri işə götürən işəgötürənlərə isə ciddi maliyyə cərimələri tətbiq olunacaq.

Qardaş ölkədə hazırlanan qanunun uşaqların təhlükəsizliyi baxımından müsbət olduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, keçmiş məhbusların iştirakıyla törədilən cinayətlər belə bir qanunun qəbulunu zəruri edir: 

- Cəlilabadda ötən ay baş vermiş qanlı cinayət hamının yadındadır. Keçmiş məhkum olan əmi, qardaşı uşaqlarını baltaladı, qardaşının yeniytmə övladlarından biri aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi, digəri ağır yaralı haldadır. Cinayət törədən şəxs əvvəllər məhkum olunubmuş. Narkotik istifadəçisi olması ehtimalı da vardı. Ümumiyyətlə, cəza çəkib çıxan şəxslər birbaşa ailələrə qayıtmamalıdır. Bir müddət reabilitasiya mərkəzlərində qalmalı, psixoloji durumlarına nəzarət edilməli, psixoloqlar onlarla işləməlidir. Uzun müddət evindən, ailəsindən uzaq düşən insanların birgə yaşayışa adaptasiya olunmaları çətindir. Cəzaçəkmə müəssisəsi tamam fərqli qaydaların, fərqli ab-havanın olduğu yerdir. Belə bir yerdən birbaşa evə, ailənin içinə, yaxın qohumların əhatəsinə düşdükdə, insan bir müddət özünü toparlaya bilmir, uyğunlaşa bilmir. Bu müddətdə əsəb, həyəcan, qaydaların birdən-birə kəskin dəyişməsi, ailənin məsuliyətini daşımaq hissinin yaranması insanı gözlənilməz addımlar atmağa sövq edə bilir. Xüsusən əgər şəxs narkotik vasitə itifadəçisidirsə, vəziyyət daha da gərgin ola bilər. Məhkumluq həyatı yaşamış şəxslərin psixoloji durumu, uşaq və qadınlara münasibəti, yanaşma tərzi konkretləşmədən bu insanlarla təmasına yol verilməməlidir. Hesab edirəm ki, Türkiyədə hazırlanan qanun uşaqların müdafiəsi baxımından önəmlidir. Yaxşı olar ki biz də bu təcrübəyə istinad edək. 

M.Zeynalova qeyd etdi ki, uşaq və yeniyetmələr narkotik maddələrə çox zaman böyüklər, eləcə də məhkumluq həyatı yaşamış şəxslər tərəfindən cəlb edilir. Bunun qarşısını almaq üçün müvafiq qaydalar tətbiq edilməlidir.