Çində fəaliyyət göstərən iri pərakəndə şirkətlərdən biri işçilərinə illik məzuniyyət və xəstəlik iznindən əlavə, ildə 10 gün “kefsizlik izni” hüququ verib.
Sherg.az xəbər verir ki, şirkətin qurucusu Yu Donglai bildirib ki, bu addım işçilərin psixoloji sağlamlığını və iş-həyat balansını qorumaq məqsədi daşıyır. Sistem artıq 2 ildən çoxdur tətbiq olunur.
Bu “kefsizlik izni” digər məzuniyyətlərdən fərqli olaraq əlavə hüquq sayılır və işçi özünü pis hiss etdiyini sübut etməyə məcbur deyil. Ailə problemləri, stres və ya sadəcə işləmək istəməmək belə bu izni almaq üçün kifayət hesab olunur.
İzin üçün həkim arayışı da tələb edilmir. Şirkət daxilində bu müraciətin rədd edilməsi qadağandır və ciddi qayda pozuntusu sayılır.
Şirkət rəhbəri bildirib ki, məqsəd işçilərin özünü yaxşı hiss etməsi və xidmət keyfiyyətinin yüksəldilməsidir.