"Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır"
“Elə vətəndaşlarımız var ki təhlükəsizlik kəmərinə “təhlükə” kimi baxırlar. Kəmərdən istifadə etmək niyə bəzi insanlara bu qədər çətin gəlir, hətta bunu “aşağılayıcı tədbir” hesab edənlər, özünə əsassız şəkildə güvənənlər var ki “heç nə olmaz”, deyir, amma qəzaların statistikası başqa mənzərəni göstərir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat məsələəri üzrə ekspert Eldəniz Cəfərov bildirdi. Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi 2026-cı ilin ilk 3 ayı ərzində baş vermiş yol qəzaları barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.
E.Cəfərov qeyd etdi ki, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlanması “Yol hərəkəti haqqında” qanunun tələbidir:
- Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.
Bəs hansı hallar istisnadır?
E.Cəfərov bildirdi ki, təhlükəsizlik kəmərindən hansı hallarda istifadə etməməyə icazə verilir, bu da qanunda göstərilib:
- "Yol hərəkəti haqqında" Qanuna əsasən, təhlükəsizlik kəmərini hamilə qadınlar, geriyə hərəkət manevri edən sürücülər, tədris avtomobilini idarə edən təlimatçılar və yaşayış məntəqələrində operativ, xüsusi səs siqnalları olan nəqliyyat vasitələrinin sürücü və sərnişinləri taxmaya bilərlər. 12 yaşınadək uşaqlar isə xüsusi oturacaqda olduqda kəmər məcburiyyəti fərqlidir. Əgər 12 yaşadək uşaq xüsusi uşaq oturma qurğusuna əyləşdrilibsə, kəmərdən istifadə edilmir. Amma bütün digər hallarda kəmərin bağlanması məcburidir və qaydanı pozanlar 40 manat cərimə olunur.