“Dünən dostumla Qarabağın oyununa baxmağa getmişdim. Məkana çatanda artıq təzyiqim normal deyildi. Düşündüm ki, sadəcə ehtiram xətrinə bir az oturum, sonra sakitcə çıxıb gedərəm”.
Lent.az xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov (Kənan MM) öz “Facebook” hesabında yazıb.
Kənan Mahmudov daha sonra sözlərinə belə davam edib:
“Söhbət əsnasında öyrəndim ki, Orxan mənim haqqımda status paylaşıb. Yazıda açıq təhqir yox idi. Amma illərdir sənətimdə çəkdiyim əziyyəti, dişimlə-dırnağımla qazandığım yolu kölgəyə salan bir yanaşma var idi. Halbuki 40 bölümlük Türkiyədə çox məşhur “Savaşçı” serialında Azərbaycan zabitini canlandırmışam. Həmin serialda Qarabağ və Xocalı mövzularına toxunan səhnələri özüm qələmə almışam. “Qayıdış” filmi Alanya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb. Həmçinin Ərzurum Gözəl Sənətlər (İncəsənət – red.) Fakültəsində dərs vəsaiti kimi tədris olunur. Bunları görməmək, bilməmək və ya bilmək istəməmək onun seçimidir. Amma adam məndən müsahibə alsaydı, bütün bunları sakit şəkildə izah edərdim sadəcə buna ehtiyac duymayıb.
Etiraf edirəm, özümü saxlaya bilmədim. Nömrəsini tapıb zəng etdim, əsəbi danışdım, qarşılıqlı ağır sözlər oldu. Bununla da kifayətlənməyib bir status yazdım və məsələyə heç bir aidiyyəti olmayan valideynlərini təhqir etdim. İki dəqiqə keçməmiş yazını sildim. Bunun zatən doğru olmadığını o an anlamışdım. Hisslərimə hakim ola bilmədim. Məhz buna görə peşmanam və həmin ağsaqqal, ağbirçək insanlardan və səmimi şəkildə üzr istəyirəm. Böyüyün qarşısında üzr istəmək insanı kiçiltmir, əksinə böyüdür.
Emosional insanam, bunu danmıram. Allah şahiddir ki, gecəni çox ağır keçirmişəm. Səhhətimlə bağlı detallara girmək istəmirəm, mövzunu başqa yerə çəkmək niyyətim yoxdur. Allah şeytana lənət eləsin. Orxan Saffari ilə görüşdük və barışığımızı bərpa etdik”.