Rüşvət almaqda və mənimsəmədə ittiham olunan Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru Fəxrəddin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, 2020-2024-cü illər ərzində o, məktəb direktoru vəzifəsində işləyib. İxtisasca tarix müəllimi olan Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 3 avqust 2024-cü ildə tutduğu vəzifədən azad olunub. Adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi aşkarlanıb.
İttihama görə, Həsənov 2023-cü ilin dekabrında məktəbə hərbi işlər üzrə rəhbər vəzifəyə düzəltmək adı ilə Şahmar Yadigarovdan 6600 manat rüşvət alıb. Aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib.
2024-cü ilin aprelin 4-də xidməti otağında Ağsu şəhər 1 saylı məktəb-liseyin inventarında olan 35 ədəd noutbuku akt tərtib etməklə imzaladıqdan və möhürlədikdən sonra götürüb. Həmin ilin iyununda geri qaytarmağı vəd versə də, noutbukları geri qaytarmayıb. Bununla 31 min 535 manat mənimsəməyə yol verib, Elm və Təhsil Nazirliyinin Dağlıq-Şirvan Regional Təhsil İdarəsinə ziyan vurub.
İstintaq orqanı tərəfindən Həsənova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) və 179.2.3-cü (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
Fəxrəddin Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində həbs olunmamışdan bir neçə ay əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğunu göstərib: ”Şahmardan aldığım pulu qaytaracaqdım. Pulu qaytara bilmədiyimə görə məndən şikayət edəcəyini dedi. Kompüterlərə gəlincə, əvvəllər onları götürüb, sinfə qoyub, fotoşəkillərini çəkib, sonradan qaytardığım hallar olub. Məktəbdən 35 deyil, 3 ədəd noutbuk götürmüşəm. Barəmdə ədalətli qərar çıxarılmasını xahiş edirəm”.
Həsənovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən ibtidai istintaq zamanı verdiyi verdiyi ifadəsi elan edilib.
O, istintaqa verdiyi ifadəsində Ağsu rayonu Rəhimli kənd orta məktəbində rəqəmsal sinif formalaşdırmaq istədiyini göstərib: ”Sinifi noutbukla təchiz etdikdən sonra fotoşəkillərini çəkərək Elm və Təhsil Nazirliyinə göndərəcəyimi dedim. Ağsu şəhəri 1 saylı orta məktəbin inventarına qaimə-faktura əsasında verilmiş 35 ədəd noutbukla bağlı təhvil-təslim aktı tərtib edildikdən sonra onlar mənə etibar edildi, həmin noutbuklara görə hər hansı ödəniş etmədim.
Noutbukları avtomobillə Rəhimli kəndinə apardım, sinifdə yerləşdirdim. Daha sonra noutbukları qaytarmaq əvəzinə, Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən lombarda 3 noutbuk verib əvəzində 500 manat pul aldım. Digər 32 ədəd noutbuku isə qaytardım”.
Şahid qismində dindirilən Şahmar Yadigarov deyib ki, Vətən müharibəsində iştirak edib, işsiz olduğu üçün iş axtarıb: “Direktor mənə məktəbdə hərbi işlər üzrə rəhbər vəzifəsinin vakant olduğunu və Vətən müharibəsində iştirak etdiyim üçün həmin vəzifədə işləyə biləcəyimi dedi. Fəxrəddin müəllimə dedim ki, rütbəm, təhsilim yoxdur. Dedi, hərbi biletinə Bakı şəhərində möhür vurulacaq, bununla da problemin həll olunacaq. İşə qəbul olunmağımın qarşılığında 6600 manat istədi. Pulu verdim, amma uzun müddət keçsə də, məsələ həll olunmadığına görə pulumu geri tələb etdim. Müxtəlif bəhanələr gətirdi, hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra pulumu qaytardı”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Həsənov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Həsənov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Yaxın günlərdə bu şikayətə baxılacaq.