"Məscidlər donuzlarla murdarlananda "şirin" səsi çıxmadı"

Ağa Hacıbəyli: "Bizim “şir” illərdir küfrə, zalıma, erməniyə xidmət edir"

“Qarabağ qan ağlayanda, şəhərlərimiz yandırılıb, insanlarımız dağlananda, Xocalı atəşə veriləndə, qız-gəlinlərimiz ismətlərini qorumaq naminə özlərini qayadan, uçurumdan atanda “şir” harada idi?!”. Bu sözləri ilahiyyatçı-alim Ağa Hacıbəyli deyib. İranlı din xadiminin Azərbaycana qarşı ittihamlarına cavab verən ekspert bildirib ki, məscidlər donuzlarla murdarlananda, Quranlar yandırılanda, müqəddəs abidələrimiz yerlə-yeksan ediləndə də “şirin” səsi çıxmadı:

“Artıq xəyanət ortaya çıxdı, xainlər bir-bir bəlli oldu. Təcavüzkar Ermənistana gecə-gündüz yardım edən, məzarlıqlarımızı belə yox edən bir zehniyyətə neft, benzin, qaz və daha nələr verən bir düşüncə sahibi şir ola bilməz. Şir meşənin şahıdır, qarnı doyanda 20 saat yatar. 

Ancaq bizim “şir” illərdir küfrə, zalıma, erməniyə xidmət edir. İmam Əli buyurur ki, “Allah qulunun zahirinə baxar, daxilini görər”. Deyəsən, Rəbbimiz artıq bəzi simaların maskalarını sökür. Bizim Allaha olan sarsılmaz inamımız, birliyimiz sayəsində illərdir körüklənən fitnə odunu cəmi 44 günə söndürdük. Qardaş ölkələr bizim yanımızda durdu. 

Sevincimizə sevinib, kədərimizə hüznləndilər. Düşmənlərimiz isə hələ də “hay nəsli”nə hayan durur, “Xanın kəndi”nə qanunsuz səfərlər edir. İndi Qafqazın dağlarına Azərbaycan aslanları hakimdir. Qarabağın vadilərində başqa “şir” peyda olarsa, ya qanı axar, ya da quyruğunu qısıb zağasına çəkilər. Böyük və haqq bir dini kiçik dünya mənfəətlərinə satanların Yeziddən fərqi nədir? İstəyirsən özünə “şir” de, nə fərqi var ki...”. 

A.Hacıbəyli qeyd edib ki, belə “şirlər” şəhidlərimizin qanı bahasına fəth etdiyimiz müqəddəs torpaqlardan uzaq olmalıdır: “Möhtəşəm Zəfərimizə həsəd edənlər bilməlidir ki, inşallah, Zəngəzuru da, digər itirdiklərimizi də tək-tək söküb alacağıq. Allah dövlətimizi, Vətənimizi, millətimizi, üçrəngli bayrağımızı daim var etsin”. 

İsmayıl