Məzarlıq videoları milli-dini dəyərlərimizə, adət-ənənələrimizə ziddir - SOSİOLOQ

"Rəhmətə getmiş şəxsləri də şouya çevirirlər. Vəfat etmiş hər hansı bir insanı “canlandırmaq” olar, amma etik formada, müsbət mesajlar ötürərək"

Əməkdar artist, mərhum Tünzalə Əliyevanın – “Toppuş bacı”nın süni intellektlə hazırlanmış videosunun sosial şəbəkələrdə paylaşılması həyat yoldaşı Röyalı məyus edib. Verilişlərin birində bu haqda danışan Röyal “bəzən sosial şəbəkələrdə belə bir video qarşıma çıxır; Tünzalə qəbirdən çıxıb öz başdaşını qucaqlayır. Bu, heç də yaxşı deyil. Bir tərəfdən düşünürəm ki, xalqımız Tünzaləni unutmayıb, hələ də onu sevirlər, amma bir tərəfdən bunun normal hal olmadığını düşünürəm. Kimin xoşuna gəlirsə, bu cür videolar, öz doğmasının qəbri ilə düzəltsin”. 

Bu cür videolar ilk deyil. Vəfat etmiş insanlarla bağlı sosial platformalarda, ən çox da TikTok şəbəkəsində qəribə videolar paylaşılır. Birisi guya gedib atasının, babasının, əmisinin və sair. məzarı üstünə, mərhum da bunun ağlamağını görür, qəbirdən çıxır, yəni “xortlayır”. Niyə insanlarımız bu cür ucuz şoulara meyllənir? 

Sosioloq Mətanət Əliyeva “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə videolar hazırlayanları normal insan hesab etmək çətindir: 

- Təəssüf ki son illərdə cəmiyyətimiz həddindən artıq şoulaşdı. İnsanların ağrı-acıları, proboemləri, başlarına gələn müsibətlərə lağ-lağı ilə, gülüşlə yanaşıldı, problemli insanlar efirlərdə alçaldıldı, insanların fəlakətləri üzərində şou quruldu, faciələr ucuz şəkildə səhnələşdirildi. Bunun nəticəsidir ki, bu gün sosial şəbəkələrdə hər cür məzmunlu videolar paylaşılır. Süni intellekt də bəziləri üçün əlavə fürsət yaradır. Cürbəcür məzmunlar sifariş edir və paylaşırlar. Baxış sayı, izlənmə sayı toplayır və insanların ağrı-acısı, faciəsi üzərindən qazanc əldə edirlər. Hıqiqətən də cəmiyyətimiz şoulaşıb, ali dəyərlərə etinasız münasibət yaranıb.  

Sosioloq bildirdi ki, məzarlıq videoları milli-dini dəyərlərimizə, adət-ənənələrimizə ziddir: 

- Hesab edirəm ki, məzarlıqla bağlı mənasız paylaşımlar edənlər nə dini ehkamlara hörmət edir, nə də millidəyərlərimizə, adət-ənənələrimizə. Uşaq vaxtından bizə öyrədiblər, təlqin ediblər ki, məzarlıq toxunulmaz yerdir. Orada ululularımız, doğmalarımız uyuyur. Məzarlıqda qeyri-etik hərəkətlərə yol vermək olmaz. Hörmətlə yanaşmalıyıq məzarlara. Amma bu gün nə baş verir? Rəhmətə getmiş şəxsləri də şouya çevirirlər. Vəfat etmiş hər hansı bir insanı “canlandırmaq” olar, amma etik formada, müsbət mesajlar ötürərək. Amma məzardan baş qaldırdı, başdaşının arxasından çıxdı, bu şəkildə videolar hazırlayıb paylaşmaq mərhuma da, ailəsinə də sayğısızlıqdır.