Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi

“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın...” Bu sözlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məxsusdur.

Cənab Prezident istər xalqla, ictimaiyyət nümayəndələri ilə, ziyalılarla görüşləri, istərsə də müxtəlif tədbirlərdə çıxış edərkən gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinin vacibliyini, gənclərimizin milli dəyərlərimiz üzərində formalaşmasının zəruriliyini hər zaman vurğulayır. Azərbaycan xalqının milli dəyərlərində Vətən sevgisi, Vətənə, dövlətə sədaqət əsas yer tutur. Həmçinin, xalqımızın əsrlərdən bəri qoruyub saxladığı sağlam islam ənənələri də dəyərlər sistemimizin ayrılmaz parçasıdır. Lakin məlumdur ki, son illərdə dünyada baş verən qlobal proseslər fonunda dini radikalizm yayılmağa başladı. Dindən öz məqsədləri, mənafeləri üçün istifadə etməyə çalışanlar həssas təbəqələri cəlb etməyə səy göstərdilər. Yeniyetmə və gənclər də həssas təbəqəyə aid olduğundan bu sahədə gizli və açıq fəaliyyətə keçdilər. Bəzi hallarda buna nail olmaları bir qrup insanın Yaxın Şərq ölkələrinə aparılaraq silahlı münaqişələrə cəlb edilməsi, ölüm, itkinlik, əsirliklə üzləşmələri ilə nəticələndi. Amma Azəbaycan dövləti hər bir vətəndaşına sahib çıxdığı kimi uzaq ölkələrdə çarəsiz qalan vətəndaşlarına da sahib çıxdı. Bu kimi hallar təkrarlanmasın, gənclərimiz radikal dini qruplaşmaların təsiri altına düşməsin deyə bu istiqamətdə maarifləndirmə tədbirlərinin aparılması vacibdir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə bu günlərdə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi gənclərin sosial şəbəkələrdə qarşılaşa biləcəyi dini radikalizm, ekstremizm və zərərli ideoloji təsirlər barədə məlumatlandırılması, onların təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi olub. Suraxanı Gənclər Evində təşkil olunan tədbirdə din xadimləri, dövlət qurumlarının nümayəndələri, gənclər, ictimai fəallar iştirak ediblər. Çıxış edənlər sosial medianın müasir dövrdə gənclərin həyatında mühüm rol oynadığını vurğulayaraq, informasiya təhlükəsizliyi, saxta dini təbliğatın yaratdığı risklər və radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, gənclərin sağlam düşüncəyə, düzgün dini biliklərə və vətəndaş məsuliyyətinə sahib olması cəmiyyətin təhlükəsizliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Sonda gənclərə sosial mediadan təhlükəsiz və düzgün istifadə ilə bağlı tövsiyələr verilib, belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.

Daha bir maarifləndirici tədbir Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilən “Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbirdə çıxış edənlər dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, onun milli-mənəvi dəyərlərə, ictimai sabitliyə və sosial rifaha mənfi təsirlərindən bəhs ediblər. Çıxışlarda radikal ideologiyaların gənclərin dünyagörüşünə mənfi təsir göstərərək onları yanlış istiqamətlərə yönəltdiyi, ailə institutuna və ictimai münasibətlər sisteminə ciddi zərər vurduğu xüsusi qeyd olunub. Bildirilib ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə dini sabitliyin qorunması, sağlam dini mühitin formalaşdırılması, radikalizmin qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dini radikalizmə qarşı mübarizədə əsas amillərdən biri düzgün dini biliklərin təşviqi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam ruhda tərbiyə olunmasıdır və hüquq-mühafizə orqanları ilə yanaşı, aidiyyəti dövlət qurumlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların birgə fəaliyyəti bu istiqamətdə mühüm rol oynayır.

İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsində müxtəlif müəssisələrdə təşkil olunan maarifləndirici tədbirlərin onların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini dedi:

- Milli-mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, həqiqətlə batili, doğru ilə yanlışı bir-birindən ayıra bilsinlər. Bu işdə dini icma rəhbərlərinin üzərinə də böyük məsuliyyət düşür. Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək lazımdır. Görürük ki, dini radikalizm və ekstremizm bu gün sürətlə yayılmaqda, bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməkdədir. Bunlar müəyyən siyasi məqsədlər üçün hesablanan istiqamətlərdir. Təəssüf ki, çox zaman da məhz gənclər həmin proseslərə cəlb olunur, onlardan alət kimi istifadə olunur. Bu o zaman baş verir ki, gənclərin dini bilikləri zəifdir, həqiqi islamla tanış deyillər. Məlumatsızlıq səhv addımların atılmasına səbəb olur. Ona görə də gənclərin məlumatlandırılması, maarifləndirilməsi əsas məsələdir, xüsusi önəm kəsb edir. Biz gənclərmizi necə tərbiyə etməliyik? Əlbəttə ki, milli-mənəvi dəyərlərə hörmət və onların qorunması istiqamətində. Eləcə də islamın təməl prinsiplərini onlara öyrədərək, məlumatlandıraraq. Gənclərin tərbiyəsində əsas dayaq milli dəyərlər olmalıdır. Ailə daxilində də, məktəbdə, ali təhsil ocaqlarında da buna önəm verilməlidir. Valideynlər də üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər, məktəb, ali məktəb rəhbərliyi, müəllimlər, dövlət qurumları, ictimai təşkilatlar da. Əgər biz Prezident İlham Əliyevin fəaliyyətinə diqqətlə nəzər salsaq, görərik ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün dövlət səviyyəsində bir çox əməli addımlar atılır, bu sahədə dövlət siyasəti uğurla həyata keçirilir. Cəmiyyətin hər bir üzvü də bu siyasətin davamlı və uğurlu olmasına çalışmalıdır. Milli-mənəvi dəyərlər cəmiyyəti ayaqda saxlayan, ictimai həmrəyliyi təmin edən əsas sütundur. Bu sütun nə qədər güclü olsa, cəmiyyət də bir o qədər mənfi, yad təsirlərdən sığortalanmış olar. Gənclərimizdə Vətən sevgisinin, vətənpərvərlik ruhunun necə böyük, əzəmətli olduğunu biz 44 günlük Vətən müharibəsində gördük. Çalışmalıyıq ki, bundan sonra da gənclərimiz yad təsirlər altına düşməsin, xalqımızın əsrlərlə qoruyaraq müasir dövrümüzədək gətirib çıxardığı milli-mənəvi dəyərlərdən uzaqlaşmasınlar.