Belə nəticəyə gəlmək olur ki su ehtiyatları səriştəsiz idarə olunur.
Soyuq havalarda insanları qazsız, işıqsız, yayda da susuz qoyurlar
Paytaxtda su böhranı yaşanır. Paytaxtın bir çox ərazilərində - Yasamal, Xətai, Suraxanı, Binəqədi - suyun verilməsinin dayandırıldığına dair sosial şəbəkələrdə vətəndaşlar giley-güzar edir:
Natiq Muxtarlı - Düz 3 gündür ki, Yeni Günəşli qəsəbəsinin əhalisi mağazalardan su alıb daşıyırlar evlərinə. Söyüş söyə, qarğış edə-edə. Düz 3 gündür ki, ADSEA (sabiq “Azərsu”) heç bir xəbərdarlıq etmədən suyu kəsib. İddialara görə, marketlərdə satılan əksər suların da istehsalçısı elə “Azərsu” rəhbəri Zaur Mikayılovdur. Bu adam öz biznesi naminə, istehsal etdiyi suların marketlərdə satılmasını təmin etmək üçün qəsəbənin suyunu kəsib. 19 litrlik içməli su 8 manatdır. Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib.
Esmira Orucova - AZƏRSU ləğv olunub, ADSEA təsis olunandan sonra havalar qızan kimi Yasamal rayonunun Hüseyn Cavid prospekti Kərbəlaya dönür. Məhərrəmilik ayıdır, lap yerinə düşüb, müasir “yezid”lər xəbərdarlıq etmədən suyumuzu kəsiblər. 1 saat xətdə gözlədikdən sonra 955 “Qaynar xətt”dən də konkret bir cavab ala bilmədim. Dedilər ki, bilmirik, hansı səbəbdənsə, bir neçə gün su olmayacaq. Sual versəm də, bir neçə günün neçə gün olduğunu deyən olmadı. Yəqin ki, yayın istisində 4-5 gün susuz qalacağıq. Bəlkə də çox! ADSEA-nın mətbuat katibi yayın girməsi ilə bağlı bərpa-təmir işlərinə başlandıgı üçün suyun təçhizatında məhdudiyyətlər tətbiq olundugunu bildirib. Yay fəsli bu gün, saat 12:34-də Azərbaycana daxil olur. Elə indi yadınıza yayın gəlişi düşüb?! Bu, bərpa işlərinizi 1 ay əvvəl apara bilməzdiniz? Yagışda kanalizasiyalarınız işləmir, yay gəlir, suyu kəsirsiniz. ADSEA-ya işini bilən bir adam rəhbəlik edə bilməzdi? Bunları haradan yığıb, gətiriblər?! Canımızı boğazımıza yığmısınız, vallah. Biz işlətmədiyimiz suyun pulunu sayğaca yükləyirik. Pulumuzu yeyib, özümüzə də zülm edirsiniz.
Bunlar sosial şəbəkədə paylaşılan bəzi nümunələrdir. Görünən budur ki, paytaxtda su qıtlığı yaşanır. Əlavə edək ki, Sumqayıt şəhərində də suyun kəsilməsinə dair məlumatlar var. Ümumiyyətlə, son zamanlar həm paytaxtda, həm də digər şəhər və bölgələrdə əhaliyə verilən suyun ya çox az verildiyi, ya da qrafik üzrə təyin olunan vaxtdan tez kəsildiyi bildirilir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a aşıqlamasında qeyd etdi ki, bu cür vəziyyətin yaranması idarəçilikdə səriştəsizliklə bağlıdır yalnız:

- Qış aylarında qaz borularının, yayda su xətlərinin təmir edilməsi “normaya” çevrilib. Daim bu halların şahidi oluruq. Havalar soyuyanda başlayırlar, gah qaz boruları dəyişdirilir, hardasa sızma var, deyib, təmirə başlayırlar, gah elektrik xətləri yenilənir, paylayıcı şəbəkədə problem yaranır, transformator xarab olur və sair. Yayda da su xətlərində təmir aparırlar, günlərlə əhali susuz qalır. Qış mövsümünə hazırlıq qış başa çatan kimi başlamalıdır, eləcə də yay aylarına hazırlıq yay mövsümü bitdikdən sonra, mövsümə hazırlıq məqsədilə yay ayları bitdikdən sonra olmalıdır. Bizdə isə tərsinədir. Kommunal sahələrə cavabdeh qurumların cari, illik, rüblük görüləcək işlərlə bağlı qrafiki olmalıdır. Harada nasazlıq varsa, əvvəlcədən müəyyənləşdirilməli və vaxtında icra edilməlidir. Monitorinq aparılmalıdır, harada nasazlıq var, harada xətlər dəyişməlidir, harda trasformator köhnədir, tam gücü ilə işləmir və sair. Soyuq havalarda insanları qazsız, işıqsız, yayda da susuz qoyurlar. Bu, vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi, vəzifənin öhdəsindən gəlinməməsidir. Bacarmırlar, ya laqeyddirlər, ola bilər, işçi sayı azdır, ya da azaldılıb, ona görə də yerlərdə yoxlamalar vaxtında aparılmır, harada problem var, müəyyən edilmir, belə gərgin vəziyyət yaranır.
M.Qəhrəmanlı qeyd etdi ki, hazırda bakıya 3 istiqamətdən su daxil olur:
- Biri, köhnə, ötən əsrin əvvəlində çəkilmiş Şollar su kəməridir, baxmayaraq ki çox az bir qisim ərazini əhatə edir, yenə də bu kəmərlə su axır, digəri Kürdən Ceyranbatan su anbarına tökülən sudur, üçüncüsü də son illərdə çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməridir. Üç istiqamətdən paytaxta su gəldiyi halda əhali niyə sudan korluq çəkir? Çünki su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər. Yeyintilərə, korrupsiyaya yol verilir. Bu problem ciddi şəkildə araşdırılmır, hesabat tələb olunmur. Şəhərsalmada əhalinin suyla təchizatı əsas prioritet olmalıdır. Amma səriştəsizlik, məsuliyyətsizlik, laqeydlik baş alıb gedir. Binaların zirzəmiərində vəziyyət necədir, su boruları hansı vəziyyətdədir, kim bilir, kim bununla maraqlanır? Getdikcə vəziyyət daha da gərginləşəcək. Böyük ehtimalla su boruları artıq yararsız haldadır. Sovet dönəmindən bu yana, su borularının çox az bir hissəsi yenilənib. Hər dəfə ayrı-ayrı məntəqələrdə qəza baş verəndə, görürük su xətlərinin vəziyyətini. Özləri də etiraf edir ki, köhnə borulardır. Bəs bu illər ərzində dövlət büdcəsindən ayrılan vəsait hara xərclənib? 21-ci əsrdə paytaxt şəhərində içməli suyun olmaması dəhşətdir. Belə nəticəyə gəlmək olur ki su ehtiyatları səriştəsiz idarə olunur.