28 il əvvəlki qanun bu günə cavab vermirdi, bu dəfə bələdiyyələr ön cəbhəyə çıxır
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edir.
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər. Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.
Qanun layihəsi barədə fikirlərini “Sherg.az”a açıqlayan sosioloq Mətanət Məmmədova qeyd etdi ki, əslində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan 28 ilə yaxın müddət keçirdi və təbii ki, 28 il öncəkindən fərqli bir cəmiyyətdə yaşadığımız üçün qanunların yenilənməsi, əlavə və dəyişikliklərin edilməsi də vacib idi: 
- Ötən illər ərzində cəmiyyətin inkişafı, eyni zamanda uşaq hüquqları sahəsində baş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizin müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edirdi. Bu səbəblərdən də qanun layihəsinin hazırlanması və qəbulu təqdirəlayiqdir. Ölkədə uşaq hüquqlarını müdafiə edən çoxsaylı qurumlar var. Bu işin həyata keçirilməsi üçün yeni qurumlara da səlahiyyətlərin verilməsi, əlbəttə, bu sahədə inkişafı şərtləndirən amil olacaq. Məsələn, yerli özünüidarəetmə orqanlarının böyük rolu ola bilər. Ona görə ki, uşaq harada yaşayırsa, bələdiyyələr və icra nümayəndəlikləri orada onunla bağlı problemi daha tez görə, erkən müdaxilə etməklə zorakılığın, baxımsızlığın, məktəbdən yayınma hallarının, uşaq əməyinin istismarının qarşısını ala bilərlər. Nəticə etibarilə uşaq travma almadan və problem böyümədən həllini tapacaq. Yerliözünüidarəetmə orqanları ilk instansiya olaraq yaranan problemin həlli üçün sosial xidmətlərə, digər aid qurumlara müraciət edə, ailə, məktəb ilə qurumlar arasında körpü rolunu oynaya biləcək. Beləliklə, uşaq hüquqları daha yaxşı şəkildə qorunacaq. Nəzərə salsaq ki, 28 il əvvəl qəbul olunmuş qanun internetin, müasir texnologiyaların, sosial şəbəkə platformalarının bu qədər inkişaf etmədiyi cəmiyyətə şamil idisə, bütün bunların olduğu bu gün üçün qanun layihəsinin qəbul edilməsinə zəruri ehtiyac vardı.