Ortada siyasi iradə var

Azərbaycan dövləti rüşvətxor və korrupsioner məmurlarla mübarizədə israrlı görünür

  “Azərbaycanda bəzi adamların layiq olmadıqları halda yüksək vəzifə tutmaları heç kimə sirr deyil”. Bu sözləri “Şərq”ə açıqlamasında Jurnalist Araşdırma Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Prezident İlham Əliyevin növbəti dəfə icra başçılarını və məmurları tənqid etməsi və sərt xəbərdarlığını dəyərləndirən S.Verdizadə bildirib ki, biz bu cür adamlarla hakimiyyətin bütün eşalonlarında qarşılaşa bilərik: “Həmin adamların icra orqanlarında çoxluq təşkil etməsi problemi daha qabarıq şəkildə üzə çıxarır.

 Hesab edirəm ki, vəzifəli şəxs dövlətçilik şüuruna sahib olmalı, ümumi mənafeni şəxsi manafeyindən üstün tutmağı bacarmalıdır. Sözün həqiqi mənasında xalqın qulluqçusu olmalıdır. Təəssüf ki, çoxları bu anlayışı səhv salaraq, xalqı özlərinə qulluqçu kimi işlətməyə çalışırlar. Bu isə fəsadsız ötüşmür, bütövlükdə idarəçiliklə bağlı haqlı narazılqılar yaradır. Azərbaycan dövləti rüşvətxor və korrupsioner məmurlarla mübarizədə israrlı görünür. Ortada müəyyən siyasi iradə var. İcra başçılarının, digər yüksək vəzifəli şəxslərin həbsi də bunu sübut edir. Amma təəssüf ki, bir çoxları bu həbslərdən nəticə çıxarmır. Var-dövlət qazanmaq, pul yığmaq ehtirası onların gözlərini bağlayıb”. 

  S.Verdizadə vurğulayıb ki, onlar siyasi reallıqları düzgün qiymətləndirə bilmirlər: “Yalnız DTX əməkdaşlarının güclü əlləri boğazlarından yapışanda səhv etdiklərini anlayırlar. Bu zaman isə çox gec olur. Hesab edirəm ki, rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizə bütün gücüylə davam etməlidir. Bu adamların cəzalandırılması gec-tez başqalarına da dərs olacaq. Əsas odur ki, hər kəs törətdiyi əmələ görə bir gün cavab verəcəyini başa düşsün”.