Paytaxt sakini qadın və 3 övladının təhlükə altında olduğuna dair məlumat yayılıb. Bu haqda məlumat paylaşan "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Sherg.az”a açıqlamasında bildirdi ki, Qadın Dəstək Xəttinə bir ana müraciət edib, həyat yoldaşı tərəfindən özü və 3 azyaşlı övladının davamlı məişət zorakılığı və ölüm təhdidləri ilə üz-üzə qaldığını deyib:
- Qadının verdiyi məlumata görə, narkotik maddə təsiri altında olan həyat yoldaşı, övladlarının atası ailə üzvlərini ölümlə təhdid edir, zorakılıq edir. Bununla bağlı Qaynar xəttə müvafiq materiallarda təqdim edilib. Qadın dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, indiyədək real önləyici tədbir görülməyib. Həmin şəxs əvvəllər narkotik maddə istifadəsinə görə həbs olunub, lakin Amnistiya qərarı ilə azadlığa buraxılıb. Hazırda ana və uşaqlar təhlükəsizlik məqsədilə öz evlərini tərk edərək qohum evinə sığınmağa məcbur qalıblar. Uşaqlar ciddi psixoloji gərginlik yaşayır və təhsildən yayınırlar. 
K.Aşumova qeyd etdi ki, qadının müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çatdırılıb. Komitə tərəfindən araşdırılmaya yönləndirilib. Və Daxili İşlər Nazirliyinə bu haqda bildirilib:
- Hazırda məlumatla artıq DİN maraqlanıb və araşdırma başlanıb. Bu cür hallarda erkən və təcili müdaxilə mütləqdir. Bu, həm “Qaynar Xətt”ə etimadı gücləndirər, həm də zorakılığa məruz qalan insanların təhlükəsizliyi qısa müddətdə təmin olunar. Ümid edirik ki, təcili müdaxilə nəticəsində xoşagəlməz hadisələrin qarşısı alınacaq.