Prezidentə məktub var:“Gördüyünüz bütün tədbirləri bəyənir və dəstəkləyirik”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakı şəhərindən Elşən Əlizadə ölkə başçısına məktubunda qeyd edir:    

“Hörmətli cənab Prezident, Sizin prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutub, iqtisadi, siyasi sferalarda, xüsusilə də sosial sahədə mühüm nailiyyətlər əldə edilib, iqtisadi çətinliklərin öhdəsindən mətinliklə gəlib.

Bu gün COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənir və dəstəkləyirik. Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə əldə edilən nailiyyətlər göz önündədir.

Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaosu, özbaşınalığı indi tərəqqi, yüksək rifah əvəzləyib. Bunu xarici ölkələrin dövlət və ictimai xadimləri dəfələrlə qeyd edib, nüfuzlu beynəlxalq təşkilatların hesabatları göstərib.

Azərbaycanda hökm sürən iqtisadi sabitlik, əmin-amanlıq, dini, milli-mənəvi dəyərlərə göstərilən qayğı nəticəsində möhkəmlənən tolerant mühit digər dövlətlərə nümunədir. Müstəqil Azərbaycan dövlətinin siyasətini, buradakı əmin-amanlığı bəyənməyən, düşmən dəyirmanına su tökən, onların və Azərbaycanda böhran, tənəzzül, qarşıdurma yaratmağa çalışan qüvvələrin maliyyə resurslarından bəhrələnən bu ünsürlər ən böyük nifrətə layiqdirlər”.