Prezidentə təşəkkür məktubu:“Xalqın yanında olmağınız Sizə olan inamı daha da artırdı”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Ağcabədi rayonundan Ruxsarə Nəsirovanın Prezidentə məktubunda deyilir:  

“Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi. Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun!”.