Prezidentə təşəkkür: “Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə özünə layiqli yer tutub”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Cəlilabad rayonunun Göytəpə şəhərindən İqbal Əkbərov və Dünyamalı Ağababayev yazırlar:

 “Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun timsalında bir daha görürük. Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq. Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.