Prezidentə yazırlar: “Sizin tapşırığınız ilə vətəndaşlara böyük kömək göstərildi” 

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Qazax şəhərindən Nurlanə Əhmədli və İlhamə Əsədova Prezidentə yazırlar: 

“Möhtərəm Prezident, bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək. Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq”.