Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu” adlı layihə uğurla icra edilib

Qayıdış və Dirçələş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu” adlı layihəni uğurla icra edib. 

Layihə çərçivəsində silsilə tədbirlər ölkənin aparıcı ali təhsil müəssisələrində: Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Milli Konservatoriyasında geniş şəkildə təşkil olunub.

Bütün tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və işğal altında olan torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. bununla da tədbirlərin rəsmi açılışı elan olunub.

Layihənin əsas məqsədi gənclər arasında milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətçilik dəyərlərinə bağlılığın daha da gücləndirilməsinə və işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolunun artırılmasına xidmət edib.

Tədbirlərdə Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin rəhbəri Vüqar Qədirov çıxış edərək layihənin məqsədləri və əhəmiyyəti barədə geniş məlumat verib. O bildirib ki, layihə gənclərin təşəbbüskarlıq qabiliyyətinin artırılması, liderlik potensialının inkişaf etdirilməsi və onların Qarabağ və Şərqi Zəngəzurun sosial-mədəni inkişaf proseslərinə fəal şəkildə cəlb olunmasını hədəfləyir.

Çıxışı zamanı Vüqar Qədirov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbəni xüsusi vurğulayıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və güclü liderliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ və Şərqi Zəngəzur uzun illərdən sonra işğaldan azad olunub.

Sədr həmçinin vurğulayıb ki, hazırda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, infrastruktur layihələri, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını şərtləndirən strateji inkişaf kursunun əsas prioritetlərindəndir. Bu prosesdə gənclərin rolu xüsusi əhəmiyyət daşıyır və onların bilik, bacarıq və təşəbbüsləri regionun gələcək inkişafında mühüm yer tutur.

Vüqar Qədirov çıxışında bildirib ki, bu cür layihələr Qarabağ və Şərqi Zəngəzurda gənclərin bölgələrə inteqrasiyasını sürətləndirir, onların sosial və mədəni layihələrdə iştirakını təşviq edir. Bu cür proqramlar gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda güclü, savadlı və təşəbbüskar gənc nəslin formalaşmasına zəmin yaradır.

Azərbaycan Dövlət İqtisad universitetində keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Safur Hacımuradov gənclərin dövlətin prioritet istiqamətlərində aktiv iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, gənclər yalnız bu günün deyil, həm də gələcəyin aparıcı qüvvəsidir və onların regionların sosial-iqtisadi inkişafında rolu getdikcə artır.

Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirov çıxışında Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin qorunmasında gənclərin iştirakının əhəmiyyətini xüsusi qeyd edib və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin vacibliyini vurğulayıb.

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova isə çıxışında gənclərin mədəniyyətin təbliği, milli irsin qorunması və azad olunmuş ərazilərdə mədəni həyatın yenidən canlandırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbirdə prorektor Lalə Hüseynova, Azərbaycan Tibb Universitetində keçirilən konfransda prorektor Mahir Səfərov, digər tədbirlərdə aidiyyatı universitetlərin nümayəndələri, tələbələr və s. gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onların tarixi şüurunun artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və regionların sosial-mədəni həyatında fəal iştirakının təmin olunması baxımından həyata keçirilən layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Layihə eyni zamanda dövlətin həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq gənclərin təşəbbüslərini dəstəkləyən və onların potensialını üzə çıxaran uğurlu platforma kimi qiymətləndirilir.

Silsilə tədbirlərin uğurla başa çatması Qarabağ və Şərqi Zəngəzurda gənclərin davamlı fəaliyyətinə, onların liderlik keyfiyyətlərinin möhkəmlənməsinə və milli-mənəvi dəyərlərə bağlılığının daha da güclənməsinə zəmin yaradır.