Qətl xəbərləri təsadüf deyil, sosial mühitimizin nəticəsidir - Psixoloq

“Ailə mühiti uşaqları gələcək canilərə çevirə bilər” 

“Hisslərini ifadə etməyən insan nəzarəti itirir” 

Son dövrlər ölkə gündəmində tez-tez qan donduran qətl hadisələrinə rast gəlirik. Faciəvi olayların ailədaxilində və məktəb mühitində baş verməsi isə "sağlam cəmiyyət" anlayışına şübhəli yanaşmağa vadar edir. Bəzən analar özləri üçün qatil böyüdürlər. Axı kim bilərdi ki, qayğısına qaldığı, azarını çəkdiyi övladı bir gün onun əzrayılına çevriləcək? Təhsil ocaqlarındakı vəziyyətdən yazmaq belə ağırdır. Məktəbdə şagirdin digər yoldaşını bıçaqlaması gündəmin prioritetlərindən birinə çevrilib. Elə bir dövrdə yaşayırıq ki, sakit təbiətli uşaqlar belə hegemon yoldaşları tərəfindən "qorxaq" kimi tanınır. Martın 30-da daha bir dəhşətli ailədaxili cinayət hadisəsi baş verib. Xəzər rayonunda 36 yaşlı kişi, 41 yaşlı qardaşını ov tüfəngi ilə qətlə yetirib. Yaş meyarına görə hər ikisi də yetkin fərd hesab olunur. Əgər yetkin şəxs belə qətl törədirsə, yeniyetmələrdən nə gözləmək olar?

Bəs hansı amillər insanı cinayət törətməyə vadar edir? 

Mövzu ilə bağlı psixoloq Aysu Həsənov Sherg.az-a bildirib ki, son vaxtlar eşitdiyimiz qətl xəbərləri insanı sarsıdır:

“Xüsusilə, ailədaxili qətllərin sayı hər gün artmaqda davam edir. Psixologiyanın mexanimzlərinə görə heç kim bir gün içində cani ola bilməz. Əgər bir insan cinayət işləyəcəksə, bu proses yavaş-yavaş onun zehni düşüncəsində formalaşmağa başlayır. Bu, illərlə yığılıb qalan, danışılmayan və görülməyən duyğuların nəticəsidir. Hazırda bir çox insan əsəbiləşəndə danışmır, incidiyini qarşı tərəfdən gizləməyə çalışır. Haqsızlığa məzur qaldığını dilə gətirməkdən çəkinir”. 

Psixoloqun sözlərinə görə, həmin şəxsə kənardan baxanda problemi olmayan, sakit biri kimi görünür:

“Əslində onun daxili dünyasında qəzəb, inciklik, dəyərsiz hiss etmə kimi duğular dəniz dalğası kimi coşur. İfadə edilməyən hisslər yoxa çıxmır. Əksinə, içəridə basdırılan duyğular bir gün ən kiçik səbəb üzərində belə stəkanı daşıran son damlaya çevrilir. Digər tərəfdən, biz cəmiyyət olaraq insanlara emosiyalarını sağlam şəkildə necə yaşamağı öyrətmirik. Xüsusilə kişilərin ağlamaması və hisslərini gizlətməsi ilə bağlı stereotiplər onları zamanla özlərindən uzaq obraza çevirir. Hisslərini ifadə edə bilməyən insan, bir müddətdən sonra onları idarə də edə bilmir”. 

A.Həsənova bildirib ki, basdırılan duyğular ya insanın özünə zərər verir, ya da başqalarına qarşı aqressiya kimi ortaya çıxır:

“Bu prosesdə ailə mühitinin də rolu vacibdir. İnsan uşaqlıqda gördüyü və eşitdiyi hər şeyi normal element olaraq qəbul edir. Əgər evdə problem qışqırmaqla, zorakılıqla həll olunursa, uşaq da böyüyəndə bundan başqa yol tanımayacaq. Çünki onun başqa seçim imkanı qalmır. Müasir cəmiyyətin ən böyük problemlərindən biri də, bəzi insanların qarşısındakı fərdi “insan” kimi görməməsidir. Belə məqamda empatiya hissi yoxa çıxır, qarşı tərəfin həyatı və duyğuları olduğu unudulur. Bu mərhələ artıq təhlükəli psixoloji hədd sayılır”. 

Psixoloqun fikrincə, insan empatiya hissini itirəndə, sərgilədiyi davranışın ağırlığını da hiss edə bilmir: 

“Bəzən bütün bunların üzərinə çarəsizlik hissi də əlavə olunur. İnsan artıq heç nəyin dəyişməyəcəyini düşünməyə başlayır. Ümidsizlik isə insanı ən radikal addımlara aparır. Sadaladığım proseslər yalnız bir fərdin problemi deyil. Əslində bu, hamımızın içində olduğu sosial mühitin, deyilməmiş sözlərin nəticəsidir. Emosiyaları susdurub, zorakılığı normallaşdırdıqca və problemləri görməzdən gəldikcə faciəvi hadisələrin qarşısını almaq çətinləşir. Hər bir insanın ürəyindəki dərdləri danışmağa ehtiyacı var. Qarşı tərəfin bir cümləsini belə anlayışla dinləmək, çox şeyi dəyişə bilər. Qətl nöqtəsinə çatmamaq üçün içimizdəki hisslərin destruktiv obraza çevrilməsinə imkan verməməliyik”.