Ramazan ayı sabahdan başlayır - İlahiyyatçı alim

Mübarək Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi təqvimə əsasən sabah – fevralın 19-u Ramazanın ilk günüdür. Lakin islam ölkələrinin bəzisində, o cümlədən Səudiyyə Ərəbistanında bu gün – fevralın 18-i Ramazan ayı başlayıb artıq. İslam coğrafiyasında bu cür fərqliliklər daim nəzərə çarpır. Hicri-qəməri təqvimində fərqliliklər baş verir və bu da ibadət əhlində çaşqınlığa səbəb olur. İslam alimləri bunun səbəbini şəri məsələlərdə ölkələrin fərqli baxış və yanaşmaları ilə izah edirlər. Bəzilərinin yanaşma tərzi, görüşü bundan ibarətdir ki, təzə ayın hilalı tam şəkildə görünməli, gözlə görünəcək səviyyədə olmalıdır, ancaq bu halda yeni ayın daxil olduğu qənaətinə varılır. Digər görüş isə iddia edir ki, hilalın gözlə görünməsi əsas deyil, yetər ki, yeni ayın doğduğu astronomik baxımdan məlum olsun.  

 İlahiyyatçı alim Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında bildirdi ki, şəri ölçülərə riayət edən islam ölkələrndə Ramazan ayı sabahdan başlanacaq. Bu gün bəzi ölkələrdə Ramazan ayının ilk günü olmasının səbəbi isə dünən qəfil verilən xəbərdir: 

- Dünən axşam xəbər yayıldı, elan edildi ki, müsəlman ölkələrinin bəzisində sabahdan oruc tutulacaq, miladi təqvimlə fevralın 18-i, hicri-qəməri təqvimiylə Ramazan ayının ilk günüdür. Bildiyim qədər Türkiyədə, İranda və bir neçə ölkə də Ramazan ayı sabahdan başlayır. Burada məsələ Ayın görünmə anının şəri ölçüləridir. Bu ölçü ondan ibarətdir ki, Günəş batdıqdan sonra Ay havada yarım saat, minimum heş olmasa 17-20 dəqiqə qalmalıdır ki hilal halını alsın. Amma dünən görünən ayın şəri ölçülərə uyğun olmadığı bildirilir. Yəni, yeni doğan Ay hilal halını almayıb. Ay hilal halını almayıbsa, şəri ölçülərə görə, yeni ay daxil olmamış hesab edilir. 

A.Hacıbəyli qeyd etdi ki, ölkəmizdə də, müsəlman ölkələrinin bəzisində də Ramazanın ilk günü sabah – fevralın 19-dur. Rəbbim ibadətlərimizi qəbul etsin, Ramazanı layiqincə qarşılayıb, yola salmağı nəsib etsin İnşəllah.